

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Ramil Qarayev və Rüstəm Ələsgərovun hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti və kassasiya protesti təmin edilməyib.
Aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay və Ramil Qarayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.