Səddam Hüseynlə eyni gündə dünyaya gələn kinorejissor... Hadisə

Səddam Hüseynlə eyni gündə dünyaya gələn kinorejissor...

Tahir Əliyev- 50

Təqvimdə 1975-ci ilin aprel ayının 28-i idi. Həmin gün Ərəb Sosialist Dirçəliş partiyasının İraq üzrə rəhbəri və İnqilabi komandanlıq şurasının sədri, marşal Səddam Hüseyn 38 yaşını qeyd edirdi. Bu zaman Azərbaycanın Bakı şəhərində bir oğlan uşağı “İnqa-inqa“ çığıraraq dünyaya gəldi. Adını Tahir qoydular. İllər ötdü. Tahir boya-başa çatıb orta təhsilini başa vurdu. Arzusu mülki təyarəçi olmaq idi. O qədər bu peşənin vurğunu idi ki, hətta özünə təyarəçi “paqon”ları da almışdı. Amma ataların sözü olmasın- sən çaldığını çal, gör Fələk nə çalacaq? Necə deyərlər, Fələk onu hərləyib-fırlayıb İncəsənət Universitetinə gətirdi. Qismətinə Cəmil Quliyevin emalatxanasında təhsil almaq düşdü...

Deyir ki:- “1993-1998-ci illər aralığında mənim gəncliyim çox pis keçib. Niyə? 13-14 yaşım olanda Qarabağ hadisələri başladı. 15 yaşımda 20 yanvar qırğını oldu. 17 yaşım olanda Şuşanı itirdik. 20 yaşım komendant saatı olan vaxtlara düşdü. Mənim indiyə kimi yadımdadır 1995-ci ilin 28 aprelində 20 yaşım tamam olanda bir qızla şəhərdə gəzirdim, başımız elə qarışdı ki, bir də gördük gecə saat 12-dir. Həmin gün məni həbs etdilər. Səhv etmirəmsə, Hüsü Hacıyev küçəsində baş vermişdi bu hadisə. Dedilər, siz getməlisiniz komendaturaya, orada qalmalısınız. Dedim, icazə verin, bu gün şənlənim, mənim ad günümdür axı. Pasportuma baxanda, dedilər sən çox pis gündə doğulmusan. Söz yox, bizi həmin gün azad etdilər. Yəni onu demək istəyirəm ki, çox pis vəziyyətdə, normal, xarakteri olmayan cəmiyyətdə böyüdük. 20 yanvarda və Qarabağda baş verənlər xaraktersiz hadisələr idi. Dediyim kimi əcaib bir cəmiyyətdə böyüdüm...”

1988-ci ildə meydan hərəkatında fəal iştirakçılardan biri olub. 20 yanvar hadisələri də ondan yan keçməyib, küçə barikadalarında iştirak edib. Bu hadisələr onun təfəkkürünə elə təsir göstərib ki, İncəsənət Universitetinə, kinoya gəlib. Kinonu incəsənətin kəskin və aqressiv növü hesab edir. Düşünür ki, ictimai baxışı, ictimai rəyi, ictimai düşüncəsi olmayan adam kino rejissorluğundan uzaq olmalıdır...

“80 milyondan çox əhalisi olan Türkiyədə ildə 500 nəfər rejissor diplomu alır. Ona görə ki, telekanalların sayı 5000-dən çoxdur, rejissorlara ehtiyac var. Sizcə, Azərbaycanda sənədli kino 90-cı illərdə niyə inkişafdan dayandı? Çünki Azərbaycan kinosunda bədii filmlərə dövlət dəstəyi olmadı. Amma buna baxmayaraq müəyyən şirkətlər kinoya pul ayırırdılar. Sadəcə, bu şirkətləri tapmaq çətin idi. Televiziyalarda sənədli filmlərin çəkilişi isə istedadlı tələbələrin hesabına başa gəlirdi...”- söyləyir.

İnanır ki, 5-10 ildən sonra kino sənayesində hər şey öz qaydasına düşəcək. Dövlət Qarabağı dirçəldib, bu sahəyə də əl gəzdirəcək, kino sənətinin inkişafına daha böyük yardımlar edəcək. Amma inanmır ki, dövlətdən başqa kimsə kinoya külli miqdarda pul qoysun. Bunu mümkünsüz hesab edir...

Deyir ki:- “Biri var milyonçu, biri də var oliqarx. Oliqarx odur ki, televiziya, kinostudiya açır və oraya qazanc mənbəyi kimi baxmayaraq pul xərcləyir. Milyonçu isə milyonunun üzərinə milyon gətirmək üçün çalışır. Bax, bizim oliqarxlar hələ ki, kinoya yadım etmək barədə düşünmürlər...”

...Rəhmətlik atası Cabbar kişi müharibə fimlərini sevən adam olub. Oğluna komandiri, bir vaxtlar marşal Jukovun yavəri olmuş, azərbaycanlı polkovnik Nemət Kərimovdan çox danışıb. Bu da onda müharibədə iştirak etmiş marşallara ciddi maraq yaradıb. Uşaq vaxtı marşalların fotolarını toplamaqla yanaşı, müharibə haqqında çəkilmiş filmləri də diqqətlə izləyib. Böyüyüb sənədli kinoya gələndən sonra isə, özünə söz verib ki, ikinci dünya müharibəsini araşdırıb, bu haqda sənədli filmlər çəksin. Bu da onda alınıb və çox maraqlı filmlər ərsəyə gətirib. Söyləyir ki:- "Elə qəhrəmanlar var ki, Azərbaycanda tanınmırdılar, unudulmuşdular. Onları ortaya biz çıxardıq..."

Haqqında söhbət etdiyim Tahir Əliyev 1993-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində ali təhsil alıb. 2012-2014-cü illərdə isə Türkiyənin İstanbul Beykent Universitetində Sinema üzrə magistr pilləsinə yuksəlib. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır...

“Sevinirəm ki, bu gün Azərbaycan kinosu ləng də olsa inkişafa doğru üz tutub. Yeni kino təşkilatları yaranıb. “Cinema” Gənc Kinematoqrafçıları Mərkəzi, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası, Ssenari Mərkəzi və digər təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatların sayı çox olmalıdır. Xarici fondlarla əlaqələr qurulub müştərək işlər görülməlidir. İnkişafın qaynağı puldur. Dövlətimizin də ki pulu var. Bəli, yaxşı filmləri ərsəyə gətirmək üçün pul xərcləmək lazımdır...”- söyləyir.

O, 1995-2000-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, 2003-2007-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor, 2007-2008-ci illərdə AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor, 2008-2016-cı illərdə "Salnamə" kinostudiyasında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür. İndiyədək bir neçə filmin ssenari müəllifi, eləcə də otuz beşə yaxın bədii və sənədli filmlərin rejissoru olub...

Xülasə, aprelin 28-i kinorejissor, kinossenarist Tahir Əliyevin 50 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayıram.
Yubileyi mübarək olsun!

Hörmətlə, Elman Eldroğlu