Maddi dəstək alacaq din xadimlərinin siyahısı artıq dəqiqləşib.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, siyahıya uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər onlar üçün açılan bank hesablarından ödənişlərini ala biləcəklər.
M.Qurbanlı qeyd edib ki, vəsait fevral ayının sonunda ayrıldığından mart ayı da hesablanaraq din xadimlərinin hesabına köçürüləcək: "Bakı və Bakıətrafı qəsəbələrdə çalışan və maddi dəstək alacaq din xadimlərinin siyahıları tam hazırdır. Naxçıvan Muxtar Respublikası da siyahıları təqdim edib. Yaxın günlərdə maddi dəstək ödənilməyə başlanılacaq".
Komitə sədri əlavə edib ki, siyahıda ümumilikdə 1000-dən çox din xadiminin adı var: "İmamlar 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Naxçıvanda çalışan 200-ə yaxın din xadiminə də vəsait ödəniləcək".
"Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək"-deyən Mübariz Qurbanlı bildirib ki, növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitunu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub.
Azərbaycan İlahiyyat İnstitutunda təhsilin ödənişsiz olacağını vurğulayan M. Qurbanlı qeyd edib ki, ilkin mərhələdə instituta 2 fakültə üzrə 60 nəfər qəbul ediləcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq.