Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak" mövzusunda 2 günlük təlim keçirilib. Təlim ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya "vətəndaş jurnalistikası" ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimdə 20 gənc iştirak edib. Təlimçi, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib.
Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində xarici dillərdə yazacaq gənc jurnalistlərin turizmə aid yazı bacarıqlarının təkmilləşdirilməsi və eləcə də bu sahədə bloggerlik vərdişlərinin artırılması üçün daha 3 təlimin keçirilməsi, həmçinin "Yenimedia.info" saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.