Ağacların qırılması nəticəsində bir neçə avtomobilə ziyan dəyib
Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində xəsarət alan 8 nəfərdən 6-sı xəstəxanaya yerləşdirilib
Daxili İşlər Nazirliyi Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. APA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 23-də Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus "KİA" markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.
İyunun 23-də Nərimanov rayonu küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus "Hyundai" və Aydın Məmmədova məxsus "Mercedes" markalı avtomobillərin üzərinə düşüb. Avtomobillərə qismən ziyan dəyib.
İyunun 23-də Səbail rayonu Puşkin küçəsində küləyin qırdığı ağac "Volkswagen" markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəydiyi bildirilib.
İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Evin dam örtüyü yararsız hala düşüb.
İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus "Nissan" markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova isə bildirib ki, hava şəraitinin küləkli keçməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub. Güclü küləyin törətdiyi fəsadlar nəticəsində 8 nəfər xəsarət alıb.
Z.Vahidovanın sözlərinə görə, onların 4-nün kişi, 4-nün isə qadındır. O, təcili yardıma müraciətlərin hamısının iyunun 22-də daxil olduğunu deyib: "Belə ki, Bakıda 6 nəfərin üzərinə ağac qırılaraq düşüb. 2 qadın, 4 kişi olan xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində ilkin tibbi yardım göstərilib. Bilgəh qəsəbəsində 1 qadının üzərinə şüşə düşüb. Onda ənsə nahiyəsinin kəsilmiş yarası qeydə alınıb. Həmin qadın xəstəxanaya getməkdən imtina edib və ona tibbi yardım göstərildikdən sonra evə aparılıb. Bundan əlavə, şəhərin mərkəzində yeni tikilən binanın 16-cı mərtəbəsindən kərpic uçaraq qadının üzərinə düşüb. Ona da yerində ilkin tibbi yardım göstərilib".