"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması" layihəsi çərçivəsində Göygöl şəhərində tədbir keçirib.
Göygöl rayon Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nurana Əliyeva bildirib ki, bu gün Azərbaycanın ən zəngin folklora sahib olduğu bütün dünyaya bəllidir. Dastanların bir çoxu sovet dövründə və müstəqillik illərində lentə alınıb. Lakin bu dastanlar folklorşünasların artıq öyrəndikləri və topladıqları materiallara əsaslandığından, onların toplaya bilmədikləri müxtəlif dastanlar hazırda çox az sayda dastançı aşıqların ifasında qalsa da, yazıya və lentə alınmayıb. Müasir dövrdə gənc aşıqlar arasında dastançı aşıq ənənəsi aradan qalxır.
Dastan söyləmək, onu gənc nəslə ötürmək missiyasını indi yaşlı nəsildən olan aşıqlar yaşatmaqdadır. Əgər qaçqın və məcburi köçkün bölgələrindən olan bəzi ahıl aşıqların ifasında səslənən dastanlar yazıya alınmazsa, onlar itmək təhlükəsi ilə üz-üzə qalacaq və bu bölgələrin dastançılıq ənənəsi pozulacaq.
Çıxış edənlər aşıq sənətinin xalqımızın mədəni tarixində mühüm yeri olduğunu bildirib, bu sahəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısını vurğulayıblar. Diqqətə çatdırılıb ki, məhz Mehriban Əliyevanın həyata keçirdiyi böyük işlər sayəsində aşıq sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tədbirdə ziyalılar bu cür layihələrin əhəmiyyətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlıqlarını bildiriblər.
Sonda ustad aşıq Fətulla Göyçəlinin ifasında xalq dastanlarından nümunələr səsləndirilib və gənc aşıqlara dastanlarımız haqqında məlumat verilib.