Ana və uşaq ölümü problemi Hadisə

Ana və uşaq ölümü problemi

Adil Qeybulla: "Hazırda 90 faiz hamilələrin çoxu patoloji şəkildə keçir"
Azər Mehtiyev: "Tibb işçiləri dəqiq bilməlidir ki, işə məsuliyyətsiz yanaşsalar, onları nə gözləyir"

Doğuş zamanı ana və uşaq ölümü barədə xəbərlər demək olar ki, hər həftə dərc edilir. Ümumən ötən il doğuş zamanı ölümlə nəticələnən hadisələrin bəzilərini yada salaq. 2013-cü ilin aprel ayında Göyçay rayon Kürdəmir kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədova Flora Gülamət qızı hamiləlik gedişində yaranmış problemlə əlaqədar xəstəxananın doğum şöbəsində müraciət edib. Reanimasiyaya yerləşdirilən qadın orada dünyasını dəyişib. Ucar MRX-dən verilən məlumata görə, hamiləlik zamanı nəfəs çatışmazlığından əziyyət çəkən Flora Məmmədova əvvəlcə Göyçay MRX-yə müraciət etsə də, orada onu qəbul etməkdən imtina ediblər. Yaxınları bundan sonra onu Ucar MRX-na çatdırıblar. Ancaq reanimasiyaya yerləşdirilən qadın orada dünyasını dəyişib.
Daha bir hadisə ötən ilin aprel ayında Ağdaş rayonunda qeydə alınıb. Ağdaş rayonunun Yuxarı Nemətabad kənd sakini, 1977-ci il təvəllüdlü Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb. Pərvanə Məcidovanın ailə üzvləri faktla bağlı rayon Prokurorluğuna şikayət ediblər. Şikayətdə ölüm halının doğuşu aparan mama-ginekoloq, doğum şöbəsinin müdiri Yusifova Səfa Əfrayıl qızının səhvi ucbatından baş verdiyi deyilib. Ölən qadının həyat yoldaşı müsahibəsində bildirib ki, ana və uşağın ölümünə doğum şöbəsinin baş həkimi Səfa Yusifova və onun yanında işləyən tibb işçilərinin ciddi səhvi səbəb olub. O, həyat yoldaşının hamiləlik dövründə 6 dəfə müayinə olunduğunu, ana və onun bətnindəki uşağın tam sağlam olması barədə həkim rəylərinin olduğunu bildirib. O, doğuşdan 10 dəqiqə əvvəl, yəni sonuncu dəfə aparılan yoxlanış zamanı da ana və uşağın sağlam olduğunu söyləyib. Ölən qadının yaxınları bildiriblər ki, Səfa Yusifovanın rəhbərlik etdiyi doğum şöbəsində son illər 12 ana və uşaq ölümü qeydə alınıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla statistikada uşaq ölümlərinin artmasının doğru olmadığını vurğuladı: "Sovet dövründən bu cür statistikaların hamısı açıqlanmırdı. O dövrdə qəzetlər senzura altında idi. Ona görə indiki kimi ölüm xəbərləri az olurdu. Ümumiyyətlə bu proseslərin üzərində bir ictimai nəzarət mexanizmi var. Bu yaxşı haldır. Məsələn, Sovet dövründə təyyarə qəzaları olurdu. Amma heç kəs bu haqda eşitmirdi. Amma indi hər şey ictimailəşir. Dünya şəffaflaşır. Əlbəttə, hər bir ölüm xəbəri insanlara sarsıdıcı təsir göstərir. Onun səbəbləri araşdırılmalı, araşdırılandan sonra analiz olunub, nəticə çıxarılmalıdır. Bütün bu yanlışlıqların aradan qaldırılması üçün güclü tədbirlər görülməlidir. Lakin bunu administrativ qaydada yox, əksinə, məntiqi və elmi yanaşmalarla həll etmək mümkündür. Ola bilsin ki, 10 ölüm faktında 3-ü həkim səhvi ucbatından, 3-ü xəstənin ağır vəziyyət olması, patoloji hamiləlik dövrü yaşaması və s. olur. Onu da qeyd edim ki, hazırda 90 faiz hamilələrin çoxu patoloji şəkildə keçir".
Adil Qeybullanın dediyinə görə, bu gün normal fizioloji keçən hamiləliyə çox nadir hallarda rast gəlinir: "Patoloji hamiləlikdə anada yaranan ürək bulanması, müxtəlif infeksiyaların əmələ gəlməsi və s. bu kimi zərərli hallar dölü zədələmək və onun doğulmasına şərait yaratmaq üçün bir fondur. Düzdür, insanlar buna o qədər də əhəmiyyət vermir, amma bu, çox ciddi səbəblərdən biridir və ciddi də fəsadları olur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, azyaşlı qızların erkən hamiləliyi və doğuşu tibbi risklərlə müşayiət olunur. Belə ki, inkişaf etməmiş çanaq doğuşda problemlər yaradır və belə hallarda doğuş əksər vaxtı keysəriyyə əməliyyatı ilə həyata keçirilir. Bundan başqa, azyaşlılarda eklampsiya, obstetrik fistulla (boru vasitəsilə möhtəviyyatın çıxarılması) və digər çətinliklər ucbatından uşaq və ya ana ölümü halları daha yüksək olur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana və körpə ölümlərinə dair araşdırma həyata keçirilib. Problemə diqqət çəkmək məqsədi ilə aparılan "Ana sağlamlığı haqqında 10 gerçək" adlı araşdırma nəticəsində çox maraqlı nəticələr ortaya çıxıb. Tədqiqat nəticəsində məlum olub ki, bir ildə 136 milyondan çox qadın uşaq dünyaya gətirir. Onların 20 milyondan çoxu doğuşdan sonra hamiləliklə əlaqədar xəstəliklərə məruz qalır. O da qeyd edilir ki, il ərzində körpəsi dünyaya gələn qadınların təxminən 14 milyonu 15-19 yaş arasında yeniyetmələrdir. İldə 500 mindən çox qadın hamiləlik və doğuş zamanı meydana çıxan fəsadlarla əlaqədar vəfat edir. İnkişaf etməkdə olan ölkələrdə qadınlarda hamiləlik və doğuşla əlaqədar olan ölüm hadisələri AİDS-lə bağlı ölüm hadisələrindən sonra ikinci sırada dayanır. Hər yüz ana ölümündən 70-i ciddi qanaxmalar, infeksiyalar və təhlükəli doğuşlar səbəbindən baş verir. Ana ölümlərinin yalnız bir faizi yüksək gəlirli ölkələrdə baş verir. Əgər Nigeriyada hamiləlik və ya doğuş zamanı bir qadının həyatını itirmə ehtimalı təxminən yeddidə birdirsə, İrlandiyada bu rəqəm 48 000-də birdir. Ana ölümü göstəricisinin ən yüksək olduğu bir sıra Afrika ölkələrində qadınların yalnız 40 faizi doğuş zamanı təhsilli həkimlərə, mama-ginekoloqlara, tibb bacılarına müraciət edir. Xüsusən yoxsul qadınlar hamiləlik dövründə gərək olan müayinələrdən keçmirlər. İnkişaf etməkdə olan ölkələrdə hər il təxminən 18 milyon yarımçıq hamiləlik qeydə alınır ki, onlardan 70 mini ana ölümü ilə nəticələnir. Araşdırma nəticəsində məlum olub ki, anaların sağlamlığını yaxşılaşdırmaq istiqamətində əsas maneə onların özlərinə yaxşı qulluq edə bilməmələridir. Bu vəziyyəti dünyada yüksək səviyyəli tibb işçilərinin çatışmaması daha da pisləşdirir. Bütün analarda yüksək səviyyədə doğuş aparmaq üçün 2015-ci ilə qədər 330 min yeni mama-ginekoloqa ehtiyac duyulur. Erkən yaşlarda baş verən hamiləlik və doğuş nəinki ana, həm də uşağın səhhətində böyük çətinliklər yaradır. Əksər hallarda, erkən nikah nəticəsində dünyaya gələn uşaqlar asfiksiyadan, çəki azlığından əziyyət çəkir: "Gənc orqanizm üçün hamiləlik və doğuş böyük stressdir, bu da gənc orqanizmin lazımi dərəcədə inkişaf etməməsi ilə bağlıdır. Erkən yaşlarında baş verən hamiləlik və doğuş gənc ananın səhhətində böyük çətinliklər yaradır. Belə ki, hamiləlik zamanı gənc anada yüksək arterial təzyiq, anemiya və çəkinin aşağı olması müşahidə olunur. Həmçinin erkən hamiləliklər tez-tez erkən doğuş və uşaq düşürmə ilə nəticələnir. Son tibbi araşdırmalara görə, analıq dövrü üçün ən azı 18 yaş həddi uyğun qəbul olunub. Erkən yaşda qızların hamilə qalması, onların tam yetişmədiyi bətndəki uşağın da inkişafını ləngidə bilər, nəticədə isə anormal uşaq dünyaya gələ bilər. Bundan başqa erkən hamiləlikdə hormonal balanslaşma pozulur, bu da qadının tez yaşlanmasına və gələcəkdə xəstəliklərə tutulmasına səbəb olur".
Mili Məclisin Sosial Siyasət Komitəsinin üzvü Elmira Axundova mətbuata müsahibəsində bildirib ki, doğuş zamanı baş verən ana ölümləri kimi faciəvi hallara həkimlərin və tibb müəssisələrinin səhlənkarlığı, gec müdaxiləsi, təcrübəsizliyi, doğuş hadisəsinə bəzi həkimlərin qeyri-ciddi münasibəti ilə yanaşı xəstələrinin özünün də laqeyd münasibəti səbəbdir: "Bəzi qadınlar hamiləliyi nəzarətə götürmür, hamiləlik dövründə qadın məsləhətxanalarına müraciət etmir, hamiləliyi ağır keçirir, mütəmadi olaraq analiz və yoxlamalardan keçmirlər. Əksər hallarda bunun nəticəsində ana bətnində uşaqda bəzi anormallıqlar, xəstəliklər ortaya çıxır. Bu da doğuş zamanı ölüm hadisələrinin ortaya çıxmasına səbəb olur".
Elmira Axundovanın dediyinə görə, xəstələrin bəzi hallarda dövlət xəstəxanalarına deyil, özəl klinikalara və ya fərdi həkimlərə, evlərdəki fərdi tibbi xidmətlərinə müraciət etməsi belə bədbəxt hadisələrə səbəb olur: "Milli Məclis pasientlərin hüquqlarının qorunması, məcburi dispanserizasiya, qeysəriyyə əməliyyatı, dağınıq skleroz və sairlə bağlı xeyli sayda qanunlar qəbul edib. Məsələn, Milli Məclisin Sosial Siyasət Komitəsində qeysəriyyə əməliyyatı ilə bağlı yeni bir dəyişiklik edilib. Bundan sonra ancaq tibbi əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında qeysəriyyə əməliyyatına icazə veriləcək. Çünki son zamanlar fikir versək görərik ki, hər kəs əməliyyata üstünlük verir. Amma anlamırlar ki, bu həm əməliyyat zamanı, həm də gələcəkdə ana və uşaq üçün ciddi problemlər ortaya çıxara bilər. Əksər hallarda qeysəriyyə əməliyyatı ana və uşağın əlilliyinə səbəb olur. Buna görə də, gərək vətəndaşlar özləri də sağlamlıqlarına həssaslıqla yanaşsınlar".
"İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin sədri Azər Mehtiyev deyir ki, son bir neçə ildə ana və uşaq ölümü sahəsindəki rəsmi statistika real rəqəmləri əks etdirmir: "Azərbaycan hələ də MDB məkanında ana və uşaq ölümü yüksək olan Orta Asiya respublikaları ilə bir sırada dayanır. Aparılan araşdırmalar göstərir ki, yeni doğulanlarda ölümün səbəbi daha çox tənəffüs orqanlarının infeksiyası, mədə-bağırsaq xəstəlikləridir. Ana ölümlərinin səbəbləri sırasında isə ilk yerdə anemiya dayanır. Erkən nikah, ev şəraitində doğuşlar da problemin əsas səbəbləri sırasındadır". Azər Mehtiyevə görə, beynəlxalq hesabatlarla rəsmi statistika arasındakı fərqin səbəbi faktların qeydiyyata alınmamasıdır: "2000-ci ildə hər 1000 yeni doğulan (0-6 günlük) körpə arasında ölüm sayı 4.5 promilli idisə, 2009-cu ildə bu rəqəm 2.7-yə enib. 1 yaşınadək uşaqlar arasında ölüm faktı 2000-ci ildə 16.4 promilli idisə, 2009-cu ildə bu, 11.3 promilli olub. Bütün şəhər, kənd və qəsəbələrdə tibb xidməti şəbəkəsi yaradılıb. Ancaq bəzən qadınlar özləri hamiləlik dönəmində tibbi xidmətdən imtina edirlər ki, bu da sonda fəsadlara səbəb olur". İqtisadçı bu sahədə məsuliyyətin artırılmasının vacib olduğunu bildirir: "Ana və uşaqların sağlamlığı üçün məsuliyyət daşıyan tibb işçiləri dəqiq bilməlidir ki, işə məsuliyyətsiz yanaşsalar, onları nə gözləyir. Çox təəssüf, sərt tədbirlər olmadan problemi nizamlamaq mümkündür deyil".
Ülviyyə Tahirqızı