İdman Jurnalistikası Magistr Proqramı ilə Asan Radio arasında əməkdaşlıq Hadisə

İdman Jurnalistikası Magistr Proqramı ilə Asan Radio arasında əməkdaşlıq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ötən ildən etibarən start verilən İdman Jurnalistikası magistr proqramında təlim-tədris prosesi uğurla davam etdirilir. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif modullar tədris olunmaqdadır. Bu modullardan biri də Radio Jurnalistika moduludur.
Tədrisi ingilis dilində aparılan proqramda beynəlxalq təcrübə ilə yanaşı, yerli təcrübənin də mənimsənilməsinə də böyük önəm verilir. Bu baxımından Radio Jurnalistika modulunun tədrisi Asan Radio ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Modulun tədrisi Asan Radionun proqram direktoru Zaur Baxşıyev tərəfindən tədris edilir. Tədris müddətində tələbələr radio jurnalistikası sahəsində nəzəri biliklərlə yanaşı, praktik məlumatlar da əldə edir, radioda real iş mühiti ilə tanış olurlar.
Belə ki, tədris prosesinin bir hissəsi məhz Asan Radioda baş tutur. Tələbələr burada Asan radionun efir otaqları ilə yaxından tanış olmaq, öz gələcək radio proqramlarının strukturunu formalaşdırmaq, həmçinin musiqi tərtibatını planlamaq imkanı əldə edirlər.
Bundan əlavə, tələbələr, Asan Radioda bir sıra tanınmış radio aparıcılar, Gündüz Abbaszadənin şəxsində idman jurnalisti və radionun rəhbəri Emin Musəvidən peşəkarlıq dərsləri alıblar.
Görüş zamanı Emin Musəvi hazırda jurnalistikada gedən müasir tendensiyalardan söhbət açıb, media sahibkarlığı mövzusuna toxunub, həmçinin İdman Jurnalistikası Magistr proqramı haqqında öz fikirlərini bölüşüb. O, gələcəkdə İdman Jurnalistikası Magistr Proqramı, ümumilikdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə daha geniş əməkdaşlıq perspektivlərini qeyd edib.
Sonda Emin Musəvi tələbələrin maraqlandığı sualları cavablandırıb onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.