250-dən 150-yə Hadisə

250-dən 150-yə

Arzu Şirinova


Artıq birinci və dördüncü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri bilinib. Və əvvəlcədən nəzərdə tutulan keçid balı hər birində 100 bal olmaqla endirilib. Artıq neçə ildir ki, bütün qruplar üzrə keçid balı endirilir ki, bunun da səbəbləri ortadadır...
...Azərbaycanda təhsilin səviyyəsi və bu sahədə mövcud olan ümumi durumla bağlı səslənən fikirlərin əksəriyyətində tənqid ruhu son illər daha da üstünlük təşkil edir. Obyektivlik naminə desək, təhsilin mövcud vəziyyətinə yönəlik narazılıqların əsaslı olduğu mütləq vurğulanmalıdır. Hər ailədən orta və ali məktəblərdə təhsil alan şagird və tələbələrin olduğunu nəzərə alsaq, təhsilin "daxil"ində gedən bütün proseslərin incəliyinə qədər bütün cəmiyyətə açıqlandığı şübhə doğurmur. Yəni hazırda istəsək də, istəməsək də, cəmiyyətin təhsil sahəsindəki vəziyyətə verdiyi neqativ qiyməti dəyişə bilmərik. Təsəvvür edin, orta məktəbdən evə dönən şagird(lər) az qala hər gün "filan iş üçün pul yığılır", "xüsusi dərslik alınmalıdır" və sair maddi ağırlığı olan tələblərlə valideyni küncə sıxır. Belə bir tələbin formalaşdırdığı atmosferdə isə valideynin övladının necə oxuması ilə maraqlanmağa nə halı qalır, nə də əsəbi. Bu səbəbdən, orta məktəblər haqqında "pul yığımı kontoru" rəyinin formalaşması acınacaqlı reallığın bir təzahürüdür. Sözsüz ki, təhsildə hər kəsə məlum olan bu problemlərin aradan qaldırılması istiqamətində dəfələrlə rəsmi və ictimai səviyyədə təşəbbüslər olub. Hələ yeni təhsil naziri vəzifə başına gələndə vəd verdi ki, belə hallar yığışdırılacaq. Amma vəziyyət dəyişməyib. Əvvəllər bəhs olunan problemlərin kəskinləşməsində təhsil haqqında yeni qanunun qəbulunun yubadılması əsas gətirilirdi. Qanun da qəbul olunub. Yenə də vəziyyət eynilə qalır. Yəni keçid balı 50 deyil, hətta 100 olmaqla aşağı salınır.
Bu da bir həqiqətdir ki, hər hansı bir qanunla onun aid olduğu sferada vəziyyəti ideal səviyyəyə yüksəltmək mümkün deyil. Yəni bütün problemlər qanunların qəbulu ilə aradan qaldırılsaydı, o zaman minlərlə gözəl qanun hazırlayıb, vəziyyətdən çıxmaq olardı. Təhsillə bağlı qəbul olunun yeni qanun da daxil olmaqla. İstənilən sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları nə qədər təkmil olsa da, əsas iş icraçıların üzərinə düşür. Yəni qanunlar yaxşı, onu həyata keçirməli olanlarsa əksinədirsə, təbii ki, o halda hər hansı müsbət dəyişikliklərdən danışmaq yersizdir. Bir sözlə, dörd ilə yaxındır qəbul olunan qanunun işləməsində məmurların iradəsindən çox şey asılı olmalıdır ki, hələlik bu görünmür. Hər halda, təhsilin dövlət üçün strateji əhəmiyyətini nəzərə alıb, nə qədər gec deyil bu sahəyə rəsmi və ictimai nəzarətin tətbiqini yüksək səviyyədə təmin etmək lazımdır. Çünki dövlətin intellektual gələcəyi təhsildən asılıdır. Əgər bu sahədə vəziyyət ən ciddi şəkildə diqqətə alınmasa, problemlər daha da böyüyəcək və həlledilməz olacaq. Eyni zamanda, təhsillə bağlı neqativ halların sürətlə aradan qaldırılması işinə də böyük önəm verilməli, reputasiyanın bərpa olunmasına çalışılmalıdır.
Təhsil Hazirliyinin bəzi səlahiyyətlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi bəlkə də təhsildəki bərbad vəziyyətin düzəldilməsinə yönələn bir addımdır. Ancaq nədənsə bu addımlardan sanki daşlar asılıb...