Din İşləri Nazirliyi yaradılmalıdırmı? Hadisə

Din İşləri Nazirliyi yaradılmalıdırmı?

Firudin Gilar Bəg: "Daha böyük bir qurum kimə və nəyə lazımdır?"
Ərəstun Baxşəliyev: "Təssüflər olsun ki, məktəblərdə dinlə bağlı fənlərin tədris olunmasından çəkinirlər"
Ramiz Alıyev: "Bir sahə üzrə iki quruma nə ehtiyac var?"

İlahiyyatçı Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycanda hər bir zaman dini dözümlülüyün olduğunu söyləyərkən, bəzi şeyləri göz önündən qaçırmışıq: "Tək ziyalılar deyil, bu məsələlərə cavabdeh olan qurumların rəhbərləri də biganəlik nümayiş etdiriblər, yəni bəzi şeylərə göz yumublar. Dövlət başçısının tolerant münasibətindən, həm də xalqımızın dini dözümlülüyündən məharətlə istifadə edən qüvvələr öz işlərinə təkan verə biliblər. Həmin qüvvələr din adı altında Azərbaycanı poliqona çevirməkdədirlər. Bəzi millət vəkilləri, ilahiyyatçılar bu məsələnin şişirdilməməsini istəyirlər. Mən proseslərin içində olan şəxs kimi deyirəm ki, Azərbaycanın dini mühiti həssas bir mərhələyə gəlib çatıb". O, həmçini əlavə edib ki, Suriyaya döyüşməyə onlarla azərbaycanlının getməsinin səbəbi Azərbaycanda dini mühitdə boşluğun olmasıdır: "Bu məsələ Azərbaycanın milli mənəviyyatı adına başucalığı gətirmir. Ölkənin əhalisinin 96 faizini müsəlmanlar təşkil etdiyi halda, bəzi məkrli, zərərli qüvvələr Azərbaycanda özlərinə yer tuta biliblər. Bunun da acı nəticəsidir ki, gənclərimiz (onların arasında yüksək balla ali məktəblərə qəbul olanlar da var) "cihad" adı altında Suriyada ya ölürlər, ya da öldürürlər. Bu, Azərbaycanın nüfuzuna xələl gətirir. Həmçinin, din qardaşını öldürmək islamın prinsiplərinə ziddir. Bu gün bizim tək cihad yerimiz Qarabağdır... Ancaq onu da qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son 20 ildə Azərbaycanın dini mühitində aparılmayan elmi-islami maarifləndirmə işlərini bir il ərzində Bakıda və regionlarda uğurla həyata keçirib. Bu məsələdə biz də Komitəyə dəstək veririk. Dini Komitə sədrinin vətəndaşlarla görüşü də müsbət haldır. Bir neçə dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucova bildirmişəm ki, Azərbaycanda dini maarifləndirmə işi zəif aparılır və bunun acı nəticələri ilə üzləşəcəyik. Gənclərimizin Suriyaya gedib döyüşməsində Şeyxülislam da günahkardır, mən də günahkaram - bir sözlə, hər birimiz günahkarıq. Düşünürəm ki, islamın 20 ildə Azərbaycanda düzgün aşılanmaması bu cür xoşagəlməz hallara gətirib çıxarır. Bu gün təkfirçiləri həbs etsələr, ölkə həbsxanalarında yer qalmaz. Onu da qeyd etməliyəm ki, Azərbaycanda Din İşləri Nazirliyin yaradılması da zəruridir".
Araşdırmaçı alim Firudin Gilar Bəg "məncə Din işləri nazirliyinin yaradılması mənasız bir işdir",- deyə məsələyə münasibətini açıqladı: "Çünki, müasir şərait onu göstərir ki, insanlar din pərdəsi altında həqiqi dindən başqa bütün işlərlə məşğuldurlar. Mən ümumiyyətlə QMİ-nin ləvğ olunmasının və onun səlahiyyətlərinin Dini İşlər Üzrə Dövlət Komitəsinə verilməsinin tərəfdarıyam. Azərbaycanda din - insanların inamınadan istifadə edib varlanma vasitəsinə çevrilib. Mən də dinlərlə məşğulam. Lakin mənim sahəm dinlərin batini mənalarıdır və bütün sufi ədəbiyatı məhz bu həqiqi İslam dinin təvilidir. Lakin bu günə kimi bir nəfər də olsun islam alimi mənim yazdıqlarıma cavab vermək, fikir mübadiləsi aparmaq qərarına gəlməyib. Heç bir din xadiminə İslam dininin əsil mahiyyəti də lazım deyil. Bu günə kimi Azərbaycanda Mühiddin ibn Ərəbi, Qəzali, Əşari və s. kimi din alimlərinin elmi haqda bir cümlə də yazılmayıb. İslam dini isə məhz bu dahilərin elmi üstündə bərqərar olub. Deməli, bu gün din haqqındakı həqiqətlər heç kimə lazım deyil. Belə olan halda yeni, daha böyük bir qurum kimə və nəyə lazımdır?".
Siyasi ekspert Ərəstun Baxşəliyev bildirdi ki, əslində Suriyaya gedənlərin sayının çox olmasının əsas səbəbi ölkəmizdə dini dünyagörüşlərlə bağlı kifayət qədər və kifayətedici təbliğatın aparılmamasıdır: "Təssüflər olsun ki bu gün bizim məktəblərdə dinlə bağlı fənlərin tədris olunmasından çəkinirlər. İşin başı boş buraxılarsa təbii ki, qüsurlar, xoşagəlməz hadisələr də bir müddət sonra cövr etməyə başlayacaqdır. Bununla heç nə dəyişməyəcək. Çünki cəmiyyətimizdə problemlər yaşanmaqdadır. Cəmiyyətin dəyişməsinin yeganə yolu isə sinif otaqlarından və auditoriyalardan keçir. Dini işlərlə məşğul olan qrumlar onsuz da var və fikirləşirəm ki, bu kifayət edir. Gorbagor Lenin bir sözü var: Ölkələri tutmadan öncə beyinləri zəbt etmək lazımdır ki, irəli sürmüş olduğumuz planı uğurla həyata keçirə bilək. Nə qədər ağrılı da olsa bir tək onu demək istərdim ki, əsl islam təssüf ki bu gün Qərbdə daha çox yaşanmaqdadır. İslam ölkələrində isə anarxiya və deqradasiya İslam məfhumuna daha çox zərbə vurmağa başlayıb".
Politoloq Ramiz Alıyev vurğuladı ki, bir sahə üzrə iki quruma nə ehtiyac var: "Həmçinin Qafqaz Müsəlmanları İdarəsi fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə din dövlətdən ayrı olmağına baxmayaraq dövlət tərəfinrdən dinə və torelantlığa böyük önəm verilir.
Həm də ölkə gəncləri fərdi olaraq Suryada gedən döyüşlərdə iştirak edirlər. Yəni mütəşəkkil deyil. Əgər mütəşəkkil surətdə olarsa bu proses onda sistemli olaraq müəyyən işlər görülə bilər dövlət tərəfindən. İndiki halda təvişə düşmək lazım deyil. Yeni bir-iki gəncin gedib Suriyada gedən döyüşlərdə iştirak etməsi faciəvi bir hal kimi qarşılanmamalıdır".

Əli