Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb Hadisə

Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı şəhər Prokurorluğu tələbələrin zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan APA-ya verilən məlumata görə, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Saat 15:59

Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında bir tələbənin ölümü, iki tələbənin zəhərlənməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, BDU-nun 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Nəticədə 1 tələbə ölüb, 2-si xəstəxanaya yerləşdirilib.