Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
Biz öz planetimizi – həyatımızın əsasını məhv edirik. Bəşəriyyət seçim qarşısındadır: ya bu məhvə aparan yolda irəliləməli, ya da Paris sammitində qlobal temperaturun 1,5 dərəcə Selsi həddində saxlanılmasına dair verilən vədi yerinə yetirərək ümid yolunu seçməliyik. BMT-nin saytı xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən iqlim konfransında iştirakçılara müraciət edən BMT-nin Baş katibi Antonio Quterreş onları doğru seçim etməyə səsləyib.
Konfransda çıxış edən Antonio Quterreş deyib: “Biz yol ayrıcındayıq. Qarşımızda iki yol var və artıq yaxın onilliyin sonunda hansı yolla irəlilədiyimiz məlum olacaq. Biz əlimizi ağdan-qaraya vurmayaraq və lunatiklər kimi yarımşüurlu vəziyyətdə hərəkət edərək geriyə dönüşü olmayan nöqtəni buraxa bilərik, bununla da planetin hər bir sakininin sağlamlığını və təhlükəsizliyini təhlükəyə atmış olarıq”. Baş katibin sözlərinə görə, ikinci yol ümidlə bağlıdır. O əlavə edib: “Doğrudanmı biz planetimizin yanğınlara qərq olduğu bir zamanda başını quma soxaraq boş-boş işlərlə məşğul olan bir nəsil kimi bəşəriyyətin yaddaşında qalmaq istəyirik?”.
BMT Baş katibi qeyd edib ki, vəziyyətdən yeganə çıxış yolu qlobal temperaturun qalxmasını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq və əsrin ortalarında parnik qazlarının emissiyasını sıfıra endirməkdir. Əks halda, alimlərin də qeyd etdikləri kimi, bizi fəlakət gözləyir. A.Quterreş vurğulayıb ki, onun qarşısını almaq üçün qazıntı yanacağı həmişəlik olaraq olduğu yerdə -torpağın altında qalmalıdır. Bütün bu işlərə dərhal başlanılmalıdır, iqlim dəyişikliyinin fəsadları ilə birgə yaşamağa məcbur olacaq gənc nəsil bunu tələb edir.
Antonio Quterreş xatırladıb ki, iqlim dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun üç hesabatında və Dünya Meteorologiya Təşkilatının parnik qazlarının emissiyası və konsentrasiyası haqqında bu yaxınlarda açıqlanmış iki tədqiqatında alimlərin gəldikləri qənaətə görə, biz şüurlu olaraq mövcud olduğumuz sistemin özünü dağıdırıq. Bunun bariz misalı hələ də dünyanın müxtəlif ölkələrində daş kömürlə işləyən elektrik stansiyalarının tikilməsidir. “Əgər biz daş kömürdən asılılığa son qoymasaq, onda iqlim dəyişməsinin qarşısının alınması üzrə bütün səylərimiz boşa çıxacaq”, -deyə Baş katib xəbərdarlıq edib. BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) məlumatına görə, ölkələr qazıntı yanacağından istifadəni davam etdirmək, həm də isinməni 1,5 dərəcə Selsi çərçivəsində saxlamaqdan iki dəf artıq miqyasda həyata keçirmək niyyətindədirlər.
Baş katib etiraf edib ki, bir çox ölkələr və maliyyə institutları ümidverici addımlar atırlar. Məsələn, Avropa İnvestisiya Bankı elan edib ki, 2021-ci ilin sonunda qazıntı yanacağı ilə bağlı olan layihələrin maliyyələşdirilməsini dayandıracaq. Lakin, Quterreşin sözlərinə görə, dəyişikliklər çox ləng baş verir, halbuki, indi köklü yenidənqurma tədbirlərinə ehtiyac duyulur. İlk növbədə, qlobal miqyasda parnik qazlarının emissiyasının dörddə üçünə sahib olan “böyük iyirmilik” ölkələri bu addımları atmalıdırlar. Hasilat sənayesi ilə yanaşı, iqlim dəyişikliyinə kənd təsərrüfatı, nəqliyyat, inşaat, sement və polad istehsalı, habelə bir çox digər sənaye sahələri də öz töhfəsini verirlər.
Cəmiyyətin öz həyat tərzini tamamilə dəyişməli olduğunu diqqətə çatdıran Baş katib beynəlxalq ekspertlərə istinad edərək əlavə edib: “Bizim biznesi necə aparmağımız, enerji istehsal etməyimiz, şəhərlər salmağımız, necə irəli getməyimiz, ərzaq hazırlamağımız – bütün bunlar köklü şəkildə və mümkün qədər tez bir vaxtda dəyişməlidir”.
Quterreş qeyd edib ki, əgər hökumətlər hələ on il əvvəl alimlərin rəylərini nəzərə ala və zəruri tədbirlər görsəydilər, onda parnik qazlarının atmosferə tullantısının həcmini ildə 3,3 faiz azaltmaq mümkün olardı. Lakin bu, baş verməyib. Bu gün qoyulan hədəflərə çatmaq üçün emissiyanı 7,6 faiz azaltmaq lazımdır. Amma bu tullantılar getdikcə artır: son 10 ildə emissiyaların həcmi 1,5 faiz çoxalıb.
Baş katib zəruri addımları, o cümlədən qazıntı yanacağına subsidiyaların ləğvini, daş kömür elektrik stansiyalarının bağlanmasını, “yaşıl iqtisadiyyata” keçilməsini dəfələrlə xatırladıb. O, həmçinin Madrid konfransının iştirakçılarını ən mühüm məsələlərdən biri üzrə tədbirləri razılaşdırmağa çağırıb. Bu, Katovitsada keçirilən keçən konfransda haqqında razılıq əldə olunmadığı məsələ - emissiyalara qiymət və vergi tətbiq olunmasıdır.
Hazırkı tədbirə böyük ümidlərlə gəldiyini diqqətə çatdıran Quterreş vurğulayıb: “Mən iqlim dəyişikliyi üzrə Konvensiyanın bütün tərəfdaşlarını fikir ayrılığını aşmağa və bu məsələyə dair razılıq əldə etməyə çağırıram. Biz vaxt itirmədən öz işimizi görməliyik”. Onun sözlərinə görə, danışıqların uğurla başa çatdırılması ilə yanaşı, budan heç də az əhəmiyyətli olmayan amil dövlətlərin öz kursunu dəyişdirməyə hazır olması barədə siqnalları dünyaya çatdırmaqdır: “Biz nəhayət ki, təbiətlə müharibəni dayandırmaq üzrə ciddi niyyətimizi, 205-ci ildə parnik qazlarının emissiyasını sıfır səviyyəsinə endirmək üzrə siyasi iradəyə malik olduğumuzu bəyan etməliyik”.
İqlim dəyişikliyi üzrə Konvensiyanın tərəfdaşlarının Madrid konfransı iki həftə davam edəcək.