Gecə yürüşünə kim kölgə saldı? - Politoloq ad çəkdi Hadisə

Gecə yürüşünə kim kölgə saldı? - Politoloq ad çəkdi

Ötən gün paytaxt Bakıda, eləcə də bəzi şəhər və rayonlarımızda insanların 30 ildən sonra ilk dəfə bu qədər yüksək həmrəylik nümayiş etdirdiyinin şahidi olduq.

Bu sözləri açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ötən gün paytaxtda və ölkənin müxtəlif ərazilərində insanların Orduya dəstək yürüşü haqda danışarkən deyib. Politoloq bildirib ki, insanlarımızın, xüsusən gənclərin Qarabağ yolunda bir olması həm düşmənə, həm də beynəlxalq aləmə mühüm mesaj idi:

“Onu da vurğulayım ki, bu yürüşdə təkcə iştirakçılar yox, eyni zamanda Azərbaycan polisi, bilavasitə Azərbaycan dövləti də iştirak edirdi. Dünyanın əksər ölkələrində polis belə yürüşlərə dərhal müdaxilə edib dağıdır. Bizdə isə tamam fərqli mənzərənin şahidi olduq: polis yürüş iştirakçları ilə çiyin-çiyinə addımladı, onlarla birgə “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirdi. Hətta gecə saatlarında, artıq provokasiyalar başlayanda və müdaxilə zərurəti yarananda polislərimiz gənclərə müraciətlə “xahiş edirik, evə gedin” deyirdi. Bu, insanlarımızın toplu halda bir-birinə münasibətinin göstəricisi idi. Bu yürüş insanlarımızın dövlətin yanında olmasını və Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bir daha gözlər önünə sərdi. Həmçinin Xalq, Dövlət olaraq dünyaya göstərdik ki, işğal altında olan torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcəyik”.

Ötən gün yürüş zamanı təxribata əl atan qüvvələrdən danışan Aynur Camalqızı qeyd edib ki, bu tip emosional yürüşlər zamanı insanları xaosa çəkmək, istifadə etmək istəyənlər mütləq tapılır:

“Bütün aksiyalarda olduğu kimi, burada da provokativ qüvvələr ortaya çıxdı və onların qarşısını dərhal almaq təəssüf ki, mümkün olmadı. Həmin provokativ qüvvələr yürüş iştirakçılarının arasına sızaraq, onların hisslərindən öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Bu qüvvələr ötən gün heç bir zərurət olmadan Milli Məclisin binasına girdilər. Axı belə bir həssas məqamda buna nə ehtiyac vardı? Yürüşün məqsədi Qarabağ uğrunda birlik nümayiş etdirmək idi, Milli Məclisə girmək yox. Görünür, həqiqətən də hansısa qüvvələr insanları provokasiyaya çəkməyə, ölkədə xaos yaratmağa çalışırdı. Xatırlayırsınızsa, 90-cı illərin əvvəllərində xalq olaraq məhz belə təxribatlara uyduğumuz üçün Qarabağı itirmişdik. Heçmi dərs çıxarmamışıq bundan?

Sevindirici haldır ki, ötən gün təxribatlar başlayarkən polis sərt müdaxilə etmədi və hansısa qüvvələrin planlaşdırdığı vətəndaş-dövlət qarşıdurması yaşanmadı. Hətta mən sosial şəbəkələrdə də oxudum: insanlar yazırdılar ki, polis dünənki yürüşdə bizim qarşımızda yox, yanımızda idi. Lakin istənilən halda bundan sonra belə məqamlarda diqqətli olmalı, kimlərinsə bizim hisslərimizdən, Vətənə sevgimizdən istifadə etməsinə imkan verməməliyik”.

Aynur Camalqızı bir önəmli məqamı da diqqətə çatdıraraq bildirib ki, ötən gün keçirilən yürüşü başqa adla cəmiyyətə təqdim etmək istəyənlər oldu:

“Mənim nəzərimdən qaçmadı, sosial şəbəkədə bəzi səhifələr, saytlar dərhal bu olayı “Xalq parlament binasını ələ keçirdi” başlığı ilə təqdim etdilər. Halbuki cəmi bir neçə təxribatçı Milli Məclisin binasına girmək çağırışı etmiş və bəziləri də onlara sövq-təbii dəstək vermişdi. Çünki onlar ora Qarabağ üçün yox, təxribat üçün gəlmişdilər. Azərbaycan xalqının dərdi isə Milli Məclis yox, Qarabağdır. Təəssüf ki, biz müəyyən səhifələrin məsələni başqa istiqamətə çəkmək istədiyini gördük. Meydan TV, Sancaq TV, Hamamtimes kimi antimilli media orqanları, səhifələr ölkə əleyhinə paylaşımlarla, videogörüntülərlə düşmənə mövzu verdilər. Məhz bu səhifələrin düşməncə paylaşımlarına görə ermənilər Milli Məclisin önündə polis maşınının aşırılmasını “Azərbaycan xalqı müharibəyə etiraz edir” kimi təqdim edirlər. Təəssüf ki, bu antimilli media orqanları bir daha, özü də belə bir həssas məqamda düşmənin mənafeyinə xidmət edən addımlar atdılar. Ötən gün biz onların hansı mahiyyəti daşıdığını, hansı maraqlara xidmət etdiyini əyani şəkildə gördük”.

Politoloq bildirib ki, dünən günorta saatlarından başlayan Orduya dəstək aksiyasının bu qədər geniş vüsət alması və orada edilmiş bəzi çağırışlar təhlükəli vəziyyət yaradır:

“Gəlin bir az təmkinli olaq. Yürüşün bu cür kütləvi hal alması nəqliyyatın, eləcə də dövlət orqanlarının fəaliyyətini iflic edir. Bundan başqa, bəzi yürüş iştirakçıları Ali Baş Komandan və Müdafiə nazirinin ünvanına xoş sözlər deyərək, onları görmək istədiklərini bildirirdilər. İndiki halda bunu istəməyin necə təhlükəli olduğunu bilmirsinizmi? Cəbhədə müharibə gedir, bəlkə elə həmin vaxtlarda Ali Baş Komandan və Müdafiə naziri cəbhə ilə bağlı çox mühüm bir əməliyyatın müzakirəsini aparırdı? Belə bir şəraitdə Ali Baş Komandanın, Müdafiə nazirinin meydana çağırılması, təxminən, Ordunun cəbhədə geri çəkilməsi kimi bir şeydir! Belə bir həssas məqamda, müharibə getdiyi zamanda Müdafiə nazirini meydana çağırmaq nə dərəcədə məntiqlidir? Mən başa düşürəm, insanlar bunu sevgidən edirlər, amma təmkinli olmalı, dövlət orqanlarının işini axsadan hər cür qarışıqlıqdan qaçmalıyıq. Biz sevgimizi tamamilə fərqli formalarda ifadə etməliyik. İnanıram ki, növbəti dəfə belə bir dəstək aksiyası yox, inşallah, Qələbə aksiyasında da xalqımız təxribatçı qüvvələrə uyub, milli həmrəyliyə, birliyə kölgə düşürən aktlara əl atmayacaq”.