Azərbaycan hökuməti vətəndaşının sosial rifahının qorunması üçün əlindən gələni edir Hadisə
Bildiyimiz kimi, ötən il Azərbaycanda sosial sahədə inqilabi islahatlar ilinə çevrilib. Prezident İlham Əliyevin təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin isə orta hesabla 100 faiz artırılmasına imkan yaratmışdır.
COVİD-19 koronavirusunun qlobal səviyyədə yayılması nəticəsində bir sıra ölkələrdə 2020-ci ilin əvvəlindən iqtisadi baxımdan yavaşlama, büdcədə kəsr və bunlarla bağlı olaraq sosial sahə üçün ayrılan vəsaitlərin ixtisar edilməsi hallarının baş verməsinə baxmayaraq, Azərbaycanda bu ilin birinci yarısında sosial sahəyə – əhalinin sosial təminatına, ümumən sosial rifahın yüksəlməsinə istiqamətlənən dövlət vəsaitlərində ciddi artım müşahidə edilməkdədir.
Belə ki, bu ilin əvvəlindən dövlət büdcəsindən ayda əlavə olaraq 43 mln. manat vəsait sərf edilməklə 1 milyon 200 min pensiyaçını əhatə edərək pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunmuşdur.
Ümumilikdə pensiyaların maliyyələşməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat çox olmaqla, 2 milyard 250 milyon manat vəsait xərclənmişdir.
Əlavə olaraq cari ilin birinci yarımilində 412.1 nəfərə aylıq, qalanlarına isə birdəfəlik olmaqla 455.4 min nəfərə sosial müavinət ödənilb. Keçdiyimiz ilin müvafiq dövrü ilə müqayisədə 46.6 faiz çox olmaqla, 2020-ci ilin yanvar-iyun aylarında əhaliyə bütövlükdə 475 milyon manat sosial müavinət və təqaüdlər ödənilmişdir.
Cənab Prezidentin tapşırığına əsasən ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində son aylarda yardım alan ailələrin sayı 14 mindən çox artmış, hal hazırda 350 mindən çox ailə üzvü olmaqla 85 minə yaxın ailəyə dövlət tərəfindən yardım edilməkdədir. Yardım alan ailələrin sayının və yardım məbləğinin artmasını nəzərə alsaq, dövlət büdcəsindən bu istiqamət üzrə yönəldilən vəsaitlər də artmaqdadır, belə ki, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 225 manatı keçmişdir.
Bu statistika əsasında deyə bilərik ki, 2019-cu ilin ilk 6 ayına nisbətən, bu il ünvanlı dövlət sosial yardımlarının ödənişində də artım olmuş, 62 faiz çox olmaqla, təxmini 105 milyon manat məbləğində yardım edilmişdir. Pandemiyanın çətinliklərini nəzərə alaraq xüsusi karantin rejimi dövründə ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən ailələrə yardım üçün ödənişlərin olunması da davam etdirilməkdədir.
Həmçinin, bu çətin günlərdə dövlət vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Xüsusi karantin rejimi dövründə COVİD-19, koronavirus pandemiyasından zərər çəkmiş, gəlirini itirən, qeyri-formal işləyən 600 min şəxsə sosial dəstək tədbirlərindən biri kimi, aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəniş olunmuş, proqramın icrası üçün isə 229 mln. manat yönəldilmişdir.
Beləliklə, 2020-ci ilin 6 ayının yekununda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 mln. vətəndaşımıza ümumilikdə 3 mlrd 59 mln manat vəsait pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında edilmişdir. Bu göstərici ötən ilin 1-ci yarımilinə nisbətən 860 mln manat, yəni 40 faiz daha çoxdur.
Bütün bunlar bir daha göstərir ki, həyat davam edir, pandemiya dövründə belə hökumət daim vətəndaşın yanındadır, onun sosial rifahının qorunması və dövlətin davamlılığını təmin etmək üçün əlindən gələni etməkdədir, eyni zamanda Cənab Prezidentin tapşırıqlarına daha çevik və operativ yanaşmalıdır.
Məzahir Əfəndiyev
Milli Məclisin deputatı