Mobil telefon aşkarlandığı üçün 3 nəfər imtahandan xaric olundu Hadisə

Mobil telefon aşkarlandığı üçün 3 nəfər imtahandan xaric olundu

İlkin məlumatlara əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün keçirilən buraxılış (qəbul) imtahanlarında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 10 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 61 imtahan binası, 1045 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1361 nəzarətçi–müəllim, 122 buraxılışı təşkil edən əməkdaş, 61 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.