Həkim: Koronavirus əvvəlki simptomlarını nisbətən itirib Hadisə

Həkim: Koronavirus əvvəlki simptomlarını nisbətən itirib

Koronavirus özünün əvvəlki simptomlarını nisbətən itirib, onun ağırlaşmaları getdikcə itir.

Bunu koronaviruslu xəstələri müalicə edən həkim Elnur Eldaroğlu deyib.

Onun sözlərinə görə, əvvələr xəstələrdə daha çox nəfəs darlığı, boğaz qıcıqlanması və davamlı spazmlı öskürəklər müşahidə edilirdisə, indi bu hallara çox az və daha yüngül formada rast gəlinir.

E.Eldaroğlu qeyd edib ki, pnevmoniyası olan koronavirus xəstələri əvvələr 2-4 həftəyə müalicə olunduğu halda, indi belə xəstələri 7-10 günə müalicə etmək mümkündür:

"Sağalan xəstələrə elə gəlir ki, onların ağciyərləri həmişə "patoloji" vəziyyətdə qalacaq, xəstəlik keçirən ağciyərlər heç vaxt tam düzəlməyəcək. Bu fikir tam yanlışdır. Digər bakterial və virus pnevmoniyası xəstəliyindən sağalan xəstələr normal həyatlarına necə qayıdırlarsa, bu pasiyentlərdə də vəziyyət belədir. Təşvişə səbəb yoxdur".

Xəstələrə bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulların qəbulunu da məsləhət görən E.Eldaroğlu qeyd edib ki, keçibuynuzu meyvəsinin dəmləməsi və bronxial məcun hər gündə iki dəfə daxilə qəbul edilir. Bunlar immun sistemini gücləndirir, bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir.