Stanford Universitetində Xocalı tədbiri Hadisə

Stanford Universitetində Xocalı tədbiri

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan, Kaliforniyada yerləşən Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib.
Baş Konsulluqdan verilən məlumata görə, sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr Cəfər Cəfərov və Yasmin Bəşirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin müəllim-tələbə kollektivi, eləcə də Kaliforniya ştatının şimal şəhərlərində yaşayan Azərbaycan və digər icmaların fəalları iştirak ediblər.
Tədbirin açılışında azərbaycanlı tələbə Y.Bəşirova qonaqları salamlayaraq, sözü Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı və Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubova verib.
Y.Babanlı öz çıxışında Sovet İttifaqının son illərində erməni ekstremizminin yaratdığı etnik qarşıdurma vəziyyətindən və bunun nəticəsində regiona yayılan hərbi-siyasi böhrandan, daha sonra bu böhranın Ermənistan tərəfindən sistemli şəkildə Azərbaycana qarşı aparılan zorakılıq və işğalçılıq siyasətinə çevrilməsindən bəhs edib. O, həmçinin Ermənistan ordusu tərəfindən Xocalının işğalı ərəfəsində Malıbəyli və Quşçular kəndlərinin 10-12 fevral və Qaradağlı kəndinin 17 fevral tarixlərində işğalı və bu kəndlərdə azərbaycanlılara qarşı həyata keçirilən qətliam haqqında söz açmışdır. Y.Babanlı qeyd edib ki, Xocalı erməni işğalçıları üçün strateji əhəmiyyət daşısa da, onların əsas məqsədi yerli əhali üzərində qətliam törətməklə, Azərbaycan xalqı arasında vahimə salmaq idi. Çıxışında Y.Babanlı müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi barədə də iştirakçıları məlumatlandırıb.
Xocalı soyqırımı zamanı beynəlxalq ictimaiyyətin gözləri qarşısında ən ali bəşəri dəyərlərə ağır zərbələr vurulduğunu, çox sayda günahsız insanın vəhşiliklə qətlə yetirildiyini və bütün bu baş verənləri canlı şahid kimi gördüyünü bildirən Xocalı sakini A.Usubov foto-faktlar əsasında öz kədərli xatirələrini bölüşüb. Sonra natiqlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Tədbirin sonunda Xocalı soyqırımı zamanı törədilmiş ağır cinayətləri və Xocalı qurbanlarının iztrablarını əks etdirən sənədli film nümayiş etdirilib.