Azərbaycanın ekoloji təşkilatları Oxçuçayla əlaqədar dünyanın nüfuzlu ekoloji qurumlarına müraciət edib Hadisə

Azərbaycanın ekoloji təşkilatları Oxçuçayla əlaqədar dünyanın nüfuzlu ekoloji qurumlarına müraciət edib

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin ofisində bir qrup ekoloji təşkilatın rəhbərlərinin görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdə son aylar ərzində Ermənistan ərazisində fəaliyyət göstərən müəssisələrin Oxçuçay çayının ağır sənaye tullantıları ilə çirkləndirilməsi məsələsi müzakirə edilib, problemlə bağlı ciddi narahatlıqlarını bildiriblər.

Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov deyib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə almaqla, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.

Ekoloji təşkilatların rəhbərləri məsələ ilə bağlı ciddi narahatlıqlarını bildiriblər və dünyanın nüfuzlu ekoloji qurumlarına yaranmış təhlükəli vəziyyətlə əlaqədar müraciət ünvanlayıblar.

Müraciətdə qeyd edilib ki, Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilərək yararsız hala gəlib. Erməni mədən sənayesinin fəal oyunçusu olan Almaniya şirkəti CRONİMET ətraf mühitin standartlarına uyğun çoxsaylı açıqlamalara baxmayaraq fəaliyyətinin ətraf mühitə təsirini davamlı olaraq nəzərə almır. Oxçuçay su nümunəsi sınaqlarında ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun yüksək miqdarı aşkar edilib. Suyun tərkibindəki ağır metalların miqdarı yalnız flüvial faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir.

Müraciətdə bildirilir ki, özümüzün və bəşəriyyətin gələcəyini qorumaq üçün ekoloji tarazlığı qorumaq üçün birgə addımlar atmalı, Oxçuçayın çirkləndirilməsinin qarşısını almalıyıq. Ekoloji təşkilatlar ümid edir ki, onların dünyanın nüfuzlu ekoloji təşkilatlarına müraciətləri cavabsız qalmayacaq.

Ekoloji təşkilatlar həm də Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edərək məsələ ilə bağlı səfirlə görüşün keçirilməsini xahiş ediblər.