50 min ailəyə rüsumsuz çıxarış veriləcək Hadisə
Bu barədə Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyi təqdim edən iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili bildirib. O, qeyd edib ki: “1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə 2032 kolxoz və sovxoz ləğv edilmiş, 869 268 ailəyə torpaq payı verilmişdir. Bu islahat ölkəmizdə sahibkarlığın inkişafına böyük təkan vermişdir.
Keçən müddət ərzində bu sahədə aprılmış təhlillər verilmiş torpaq paylarının sənədləşməsi zamanı bir çox nöqsanlara yol verildiyini üzə çıxarmışdır. Belə ki,
1. Torpaq islahatı zamanı hər bir vətəndaşa (ailəyə) torpaq payı verilsə də, təqribən 50 min ailənin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməmişdir. Halbuki, torpağa mülkiyyət hüququna dair sənədlər 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra təqdim edilməli idi.
2. Bütün torpaq istifadəçilərinə verilmiş köhnə dövlət aktları, şəhadətnamələrin yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməsinə müvafiq dair tapşırıq olsa da, bir çox torpaq sənədləri çıxarışla əvəz edilməmişdir.
3. Bəzi hallarda torpaq üzərində hüquqları təsdiq edən sənədlərin verilməsində qanunvericiliyin tələblərindən kənarlaşma olmuşdur. Bəzi reyestrdən çıxarışlar torpağın plan və ölçü sənədi olmadan verilmiş, həmin sənədlərdə torpaq sahələrinin məqsədli təyinatı ya yazılmamış, ya da qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməmişdir. Belə əkin sahələrinin istifadəçiləri isə səhv rəsmiləşməyə görə subsidiya ala bilmirlər.
4. Bəzi mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin faktiki və sənəddə göstərilən koordinatları arasında fərqlər mövcuddur. Həmin torpaq sahələrinin əsas hissəsinin faktiki koordinatları onların sənədlərindəki məlumatlara uyğun deyildir.
5. Torpaq sahələrinin nömrələnməsinin unikallığı tam təmin edilməyib. Torpaq islahatı zamanı islahat təsərrüfatlar üzrə aparıldığından eyni kənddə birdən çox təsərrüfat olduğu halda eyni koda malik torpaq sənədləri verilmişdir.
Bütün bu problemlər isə ailələrin çıxarış olmadığına və ya düzgün olmadığına görə aqrar subsidiyalara çıxışını məhdudlaşdırır, dövlətin inzibati resurslarını aşındırır, iqtisadi siyasətdə düzgün tənzimləmə üçün problemlər yaradır.
Mövcud problemlərin aradan qaldırılması üçün cənab Prezident 07 oktyabr 2021-ci il tarixdə Aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə fərman imzalamışdır.
Fərmana əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tapşırılmışdır. Qeyd edim ki, hazırda mülkiyyət hüquqlaırnın rəsmiləşdirilməsi rüsumları hər bir ailə üçün 80 manat təşkil edir.
Bu xidmətlərə görə xərclərin-rüsumların maliyyələşdirilməsi üçün 3.500.000,0 (üç milyon beş yüz min) manat məbləğində vəsaitin 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutulması da fərmanda öz əksini tapmışdır.
Beləliklə, təqdim edilən qanun layihəsi və imzalanan fərman 50 minə yaxın ailəyə verilmiş torpaq paylarının sənədləşməsini, sənədləşmə üçün lazım olan dövlət rüsumlarının vətəndaşın deyil, dövlət büdcəsindən ödənməsini, əmlakın qeydiyyatı və doğru olmayan məlumatların korrektə olunmasını özündə ehtiva edir.
Hesab edirik ki, bu qanunvericilik təşəbbüsü cənab Prezident tərəfindən vətəndaşlara sosial qayğının növbəti bariz nümunəsidir”