Ermənilər kütləvi məzarlıqlarda basdırdıqları meyitləri qarışıq vəziyyətdə təhvil veriblər - Xüsusi İstintaq şöbəsinin rəisi Hadisə

Ermənilər kütləvi məzarlıqlarda basdırdıqları meyitləri qarışıq vəziyyətdə təhvil veriblər - Xüsusi İstintaq şöbəsinin rəisi

Bu günə qədər ermənilər tərəfindən 147 meyit qalıqları bizə təhvil verilib. Onlar birinci Qarabağ müharibəsi zamanı kütləvi məzarlıqlarda basdırıldıqları üçün bizə qarışıq vəziyyətdə verilmişdi.

Bunu Trend-ə üsahibəsində Respublika Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

O bildirib ki, təhvil verildikdən sonra meyitlər bir-bir ayrılıb, məhkəmə-tibbi ekspertin iştirakı ilə müayinələr aparılıb və identifikasiya üçün müvafiq molekulyar-genetik ekspertizalar təyin edilib.

“Birinci Qarabağ müharibəsi dövründə 3890 itkin düşmüş Azərbaycan vətəndaşı var və itkin düşmüş hər bir şəxsin yaxın qohumlarından götürülmüş nümunələrlə həmin meyit qalıqlarının identifikasiyası aparılır. Hazırda işlər gedir və bu da müəyyən müddət tələb edir. Ehtimal ki, qısa müddət ərzində rəyimiz olacaq”, - deyə o bildirib.