Moskvada unudulmaz sənətkar Bülbülün xatirəsi anılıb Mədəniyyət
Moskvadakı Rusiya Milli Musiqi Muzeyində Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün anadan olmasının 125 illiyinə həsr edilmiş gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan və Rusiya muzeylərindən seçilmiş eksponatlar nümayiş etdirilib. Tanınmış musiqiçilər Bülbülün repertuarından olan əsərləri ifa ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. İtaliyada məşhur La Skala teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub.
Səfir Polad Bülbüloğlu deyib: “Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1997-ci ildə, Bülbülün anadan olmasının 100 illiyi münasibətilə xüsusi Fərman imzalayıb, həmin Fərmanda vokalçıların Bülbül adına müsabiqəsinin təşkil olunması barədə ayrıca bənd olub. O vaxtdan 8 belə müsabiqə keçirilib, həmin müsabiqələrin 4-nə görkəmli müğənni İrina Arxipova rəhbərlik edib. Fərəhlə qeyd etməliyəm ki, bu müsabiqədən uğurla keçmiş müğənnilər hazırda Azərbaycan incəsənətinin dünyanın bir çox səhnələrində təmsil edirlər. Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva və bir sıra başqaları Bülbül adına müsabiqənin laureatları olublar”.
Səfir Azərbaycanda Bülbülün ev-muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün muzeyləri açıldı. Lakin təəssüf ki, sonradan təqribən 30 illik fasilə yaranıb. Çox sevindirici haldır ki, Şuşada, Bülbülün doğulduğu evdə yaradılmış muzey indi yenidən ziyarətçilər üçün açıqdır”.
P.Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu gecənin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov deyib: “Bülbülün anadan olmasının 125 illiyinə həsr edilmiş bugünkü sərgini açmaq bizim üçün böyük fərəh və şərəfdir. Bülbülün adı Azərbaycan və sovet musiqi tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda yeni vokal məktəbinin əsasını qoymuş Bülbül öz yaradıcılığında Avropa ənənələrinə uyğun şərq vokal sənətini birləşdirən ilk müsəlman müğənni olub. Stalin mükafatına, iki dəfə Lenin ordeninə layiq görülmüş Bülbül Azərbaycan milli musiqi teatrının banilərindən biri olub”.
M.Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq qeyd edib ki, bugünkü sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışlarının və opera tamaşalarının proqramları nümayiş etdirilir. Sərginin eksponatları bu musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini açıqlayır, ailə həyatının müəyyən məqamlarını əks etdirir, Azərbaycan musiqi mədəniyyətinin bu görkəmli xadiminin xatirəsi onun pərəstişkarlarının qəlbində yaşayır, artistlərin yeni nəsillərini ruhlandırır.
Böyük müğənninin nəvəsi, dirijor Murtuza Bülbül sərginin hazırlanmasında əməyi olmuş insanların hamısına təşəkkürünü bildirib. M.Bülbül deyib: “Sərgi çox zəngindir. Burada Azərbaycanın görkəmli opera müğənnisinin həyatının bütün mərhələləri əks olunub. Sərgidə onun ictimai xadim kimi işi də, bilavasitə səhnə fəaliyyəti də görünür. Belə bir nəslin nümayəndəsi olmağım məndən ötrü böyük şərəfdir. Xoşbəxtəm ki, sərgi Moskvada – babamın tez-tez olduğu və mənim təhsil aldığım şəhərdə keçirilir”.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, NTV telekanalının baş direktoru Timur Vaynşteyn və başqaları Azərbaycan və sovet musiqisi tarixində bu böyük müğənninin rolu barədə danışıblar.
Gecə konsert proqramı ilə davam edib. Azərbaycanın əməkdar artistləri Elnara Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “”Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.