Opera və Balet Teatrı “Dahi hekayəçi” ilə azyaşlıları sevindirib Mədəniyyət

Opera və Balet Teatrı “Dahi hekayəçi” ilə azyaşlıları sevindirib

Azərbaycan Dövlət Opera və Balet Teatrında 3+ yaşlı tamaşaçılar üçün nəzərdə tutulan Danimarkanın görkəmli yazıçısı Hans Xristian Andersenin nağılları əsasında hazırlanan “Dahi hekayəçi” baleti nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur olan nağılları təşkil edir.

Baletin gözəl musiqisi, orijinal xoreoqrafiyası, baxımlı dekorasiya və səhnə kostyumları uşaqlarla yanaşı, böyüklərin də marağına səbəb olub.

Əsas rollarda Əməkdar artistlər Anar Mikayılov, Elmira Süleymanova , teatrımızın solistləri Sübhan Abışov, Rüstəm Hacıyev, Aza Nurullayeva, Ülvi Rüstəmov, Cəmilə Məmmədova və başqaları çıxış ediblər.

Baletmeysteri Xalq artisti Kamilla Hüseynova olan səhnə əsəri dirijor Orxan Həşimov tərəfindən idarə olunub.