Ölkəmiz beynəlxalq konfransda təmsil olunur Mədəniyyət
Özbəkistanın Buxara şəhərində “Kitab və mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi” adlı II Forum keçirilir. Forum çərçivəsində “CENTRAL ASIA: elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları” mövzusunda XVI Beynəlxalq Konfrans işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təmsil edir.
Bu barədə Milli Kitabxanadan bildirilib.
Konfransın plenar iclasında Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Botir Zaripov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və digərləri çıxış ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov konfransda məruzə və təqdimatla çıxış edərək, mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsindən danışıb. O, ümumiyyətlə son illər istər iş proseslərində, istərsə də xidmət sahələrində innovasiyaların tətbiqinin Azərbaycan Milli Kitabxanasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb, istifadəçilərin kitabxana-informasiya təminatında tətbiq edilən yeni layihələr barədə məlumat verib.
Natiq gənclərin mütaliə mədəniyyətinin formalaşması məqsədilə Milli Kitabxananın nəzdində günün 24 saatı ərzində sərbəst şəkildə mütaliəyə şərait yaradan “Açıq kitabxana” layihəsi, kitabxananın saytında virtual rejimdə respublika kitabxanalarına, mütəxəssislərə “Metodiki xidmət”, “Sənədlərin sifarişi və elektron çatdırılması”, həmçinin “Virtual sifariş” və “Biblioqrafik sorğu” kimi xidmət növləri, Azərbaycan xalq musiqisinə dair səsyazılarının, notların, Azərbaycan xalq musiqisi nümunələri, muğamlar, xalq mahnıları, qəhrəmanlıq təranələri, xalq rəqs musiqisi və aşıq musiqisinin, habelə dahi bəstəkarlarımız haqqında məlumatların yer aldığı “Musiqi kitabxanası” və “Audiokitab” layihəsindən danışıb.
Direktor, həmçinin mütəmadi olaraq virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksi olan və əməkdaşlar tərəfindən yaradılan tammətnli elektron məlumat bazalarının hazırlandığını qeyd edib, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə və digər mühüm sahələrə dair elektron virtual sərgilərin hazırlandığını vurğulayıb, həyata keçirilən xidmətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə şərait yaradan, kitabxanaların işinin daha da təkmilləşməsi prosesinə xidmət edən innovasiyaların tətbiqinin günün tələbi olduğunu diqqətə çatdırıb.
Konfrans mayın 26-dək davam edəcək.