Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru Mədəniyyət

Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Avstriyanın Grein şəhərində Yuxarı Avstriya vilayətinin “Baummgartenberg” Mədəniyyət Təşkilatının təşkilatçılığı və dəstəyi ilə gənc azərbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı Ayan Məmmədlinin solo konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, təşkilatın sədri Jörq Köniqseder çıxışında gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifalarını ilk dəfə Yuxarı Avstriyanın Linz şəhərində keçirilən solo konsertində eşitdiyini bildirib.

“Mədəniyyət təşkilatı olaraq Ayan Məmmədlinin Grejn şəhərinin tamaşaçıları ilə də görüşdürməyi qərar aldıq. Çünki Avstriyanın bütün bölgələrində olduğu kimi bu şəhərin də tamaşaçıları həm musiqini sevir, həm də çox tələbkardırlar. Biz onların bu arzularını gerçəkləşdirməkdən böyük məmnunluq duyuruq. Gənc pianoçu Ayan Məmmədliyə dəvətimizi qəbul etdiyi və bu gözəl axşam üçün öz təşəkkürümüzü bildiririk”, - deyə təşkilatın sədri vurğulayıb.

Əsasən avstriyalı tamaşaçılardan ibarət olan konsertdə Ayan Məmmədli klassik Avropa bəstəkarlarının əsərlərini ifa edib. Həmçinin konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsəri əcnəbilərin böyük marağına səbəb olub.

Konsertin sonunda Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndəsi Sənan Hüseynov çıxış edərək Ayan Məmmədliyə bu cür möhtəşəm konsert üçün səfirlik adından təşəkkürünü bildirib. Ona

mədəniyyət sahəsində nümunəvi fəaliyyətinə görə səfirliyin təşəkkürnaməsini təqdim edilib.