“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert Mədəniyyət

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə gənc istedadlar- Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Mahir Hacıyev (kamança) və Mirəli Əlizadə (tar) çıxış ediblər.

Solistlər Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti və Tofiq Bakıxanovun tar və orkestr üçün 1 nömrəli konsertini dinləyicilərə təqdim ediblər.

“Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.