Xüsusən zövq alar arif muğamat var olan yerdə Mədəniyyət
Elgiz Əliyev: Əgər bir ifaçıda vətən təəssübkeşliyi olmasa, onun oxuduğu heç zaman
qəlblərə yol tapa bilməz
Şərq musiqisinin möhtəşəm bədii abidəsi olan muğamın tarixi çox qədimdir. Eyni mühitdə böyüyən insanların nəsillərinin yaratdığı spesifik janr, şübhəsiz ki, bütün xalqın xoşbəxtliyinin, kədərinin dərinliyinə güzgü kimi xidmət edir. Azərbaycan muğamı isə bu sözə güclü və əbədi sübut kimi dayanır. Azərbaycan muğamının müasir tarixində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər, layihələr müstəsna rol oynayır. UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakıda yaradılan Beynəlxalq Muğam Mərkəzi məhz Mehriban xanım Əliyevanın milli mədəniyyət nümunələrimizə göstərdiyi diqqət və qayğının göstəricisidir. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam” Televiziya müsabiqələri də məhz onun diqqət və qayğısı ilə dünyaya səs saldı. Bu müsabiqələr neçə-neçə istedadlı ifaçının yetişməsi, püxtələşməsi və qısa bir zamanda tanınmasına vəsilə oldu. Belə gənclərdən biri də 2015-ci ildə “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı olmuş, Beynəlxalq Muğam Mərkəzinin solisti Elgiz Əliyevdir. Onun AZƏRTAC-a müsahibəsini təqdim edirik.
Əslən Qarabağ bölgəsindən olan Elgiz Əliyev ağlı kəsəndən milli musiqiyə, muğamlara qulaq asaraq böyüyüb. Xalq arasında formalaşmış məşhur ifadə heç də elə-belə yaranmayıb: “Qarabağda hamının gözəl səsi olur, hətta körpələr muğam üstə ağlayıb, gülürlər”. Bu yurdun musiqi tarixi özü qədər qədimdir. Bu müqəddəs yurd yerli incəsənətimizə çoxlu xanəndələr, bəstəkarlar, musiqi ifaçıları, şairlər və yazıçılar bəxş edib və bu gün də etməkdədir...
Özünün dediyinə görə hələ uşaq ikən ilk dəfə "Qaçaq Nəbi" mahnısını ifa edib. Elə o gündən də Bozatın tərkinə minib düşüb sənət, muğam dünyasının sehrinə. İllər keçdikcə Bozat onu daha da uzaqlara aparıb, el-el, oba-oba, oymaq-oymaq gəzib, dolanıb, doğma, əziz Azərbaycanı.
O, taleyin ağır sınağına da sinə gərib, doğma-əziz yurd yerindən - Ağdamından uzaq düşüb. O, ailəsi ilə birgə keçmiş məcburi köçkün kimi Ağcabədi rayonunun Qaraxanlı kəndində məskunlaşıb. Vətən həsrəti onun balaca qəlbində böyük nisgilə, kədərə dönüb, özünü ovundurmaq üçün xalq, bəstəkar mahnılarında, muğamlarla təsəlli tapıb. Öz nisgilini səsinin avazı ilə ovutmaq istəyib. Nə qədər bəmdən və kövrək oxuyubsa, bir o qədər də inamlı, şaqraq və zildən oxumağa üstünlük verib.
O günləri xatırlayanda çox kövrəlir, deyir o yerlərə yenidən qayıdacağımıza içimdə böyük inam vardı: “Balaca olsam da elə hey doğma yerlərin sevgisi ilə yaşayıb, oxuyurdum. Hamını da bu inam üstə kökləyirdim. İçimdə bir səs mənə deyirdi ki, o yerlərə mütləq qayıdacaqsan. İnanın bəzən səsimlə döyüşürdüm, daha zildən oxuyurdum ki, hamı məni eşitsin, mənim kimi inamlı olsun, yurd yerlərini unutmasın. Ona görə də, bəzən insanların ürəyinə toxunan mahnılar seçirdim. Şükürlər olsun ki, artıq o günlər tarixə dönüb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tapdaq altında qalan bütün torpaqlarımızı işğaldan azad edib. Biz də doğma Ağdamımıza qovuşmuşuq. Bundan gözəl nə ola bilər ki?...”
Əmisinin də gözəl səsi olduğunu, tar ifa etməyi çox yaxşı bacardığını deyən Elgiz Əliyev onunla bağlı xatirələri bölüşür: “Səsimin, ifamın sorağı artıq yaşadığımız kənddə hamıya məlum idi. Müvəqqəti məskunlaşdığımız kənddə musiqi məktəbi olmadığından bu istiqamətdə təhsil almağa şərait yox idi. Bir gün əmim bizə gəlmişdi, dedi ki, Elgizi aparıram Bərdəyə bizdə qalsın, həm də orada musiqi məktəbində təhsil alsın. Bərdədə Maarif müəllimlə tanış oldum. Səsimə qulaq asdı, dedi ki, yaxşı səsi var. Elə həmin gündən Bərdədə təhsil almağa başladım. Qeyd edim ki, Maarif müəllim “Şərq musiqisinin incisi” adlandırılan Seyid Şuşinskinin sonuncu tələbələrindən idi. Onun başdaşının üstündəki lövhəni də Maarif müəllim düzəltdirib”.
E.Əliyev Bərdədə Qarabağın gözəl səs sahiblərindən olan Ramiz Bəşirovdan dərs alıb: “İlk başlayanda sanki sehrli bir dünyaya düşdüm. Muğamın bu qədər fəlsəfi, dərin bir hikmət mənbəyi olduğunu heç düşünmürdüm. Dərsdən-dərsə anladım ki, həyatımda yeni bir mərhələ başlayır, mən muğam dünyasına baş vururam. Burada hər şey o qədər ölçülü-biçilidir ki, bir balaca səhv edən kimi görünür. Ona görə də gərək öyrəndiyini mükəmməl mənimsəyəsən”.
Bərdədə musiqi məktəbində təhsilini başa vuran Elgiz Əliyevin Bakıya gəlişi də bir təsadüf nəticəsində baş verib: “Bərdədə təhsil ala-ala tez-tez yaxın-uzaq yerlərdə keçirilən el şənliklərində iştirak edirdim. Repertuarımda muğam, təsnif, xalq mahnıları ilə yanaşı, o dövrdə dəbdə olan mahnılar da vardı. İfam dinləyicilərin xoşuna gəlsə də, mən təhsilimi davam etdirmək üçün Bakıya gəlmək, muğam bilicilərindən daha mükəmməl təhsil almaq niyyətində idim. Düzü ona elə bir imkanım yox idi. Növbəti toy şənliklərinin birində gözlənilmədən bir təklif aldım. Qonaqlar arasında olan bir nəfər mənim valideynlərimlə maraqlandı, o, məni Bakıya aparmaq istədiyini bildirəndə çox sevindim, sözsüz ki, buna ailəm də razı oldu. Məni Bakıda sevimli xanəndə, Xalq artisti Mənsum İbrahimovun yanına gətirdilər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ifamı dinləyən ustad sənətkarımız mənə bir çox məsləhətlər verdi. Bu, mənim sənət dünyamda yeni mərhələ oldu. Bundan sonra mən öz üzərimdə çox işlədim. Ustadımın xeyir-duası ilə bir çox müsabiqələrə qatıldım, hətta yarışmaların birində Qran-Pri mükafatına layiq görüldüm”.
Hər bir valideynin övladı ilə bağlı xoş arzuları olur. Elgiz Əliyevin də atası oğlunu tanınmış xanəndə kimi görmək istəyib. Bu yolda onun qarşısına xeyirxah, gözəl adamlar çıxıb: “Özümü həmişə şanslı hiss etmişəm. Çünki qarşıma hər zaman yaxşı insanlar çıxıb. O insanların həyatımda, çıxdığım sənət yolumda böyük əməyi var. Bu gün də elə insanlardan öyrənir, onların xeyir-duası ilə sənət yolunda irəliləyirəm”.
Həmsöhbətim deyir ki, 2007-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. Böyük tarixi ənənələri olan, neçə-neçə ustad sənətkarın sənət yoluna işıq salan, o yolu nurlandıran bu qocaman təhsil ocağı Elgizin də əsl sənətkar kimi püxtələşməsində, formalaşmasında mühüm rol oynayıb. 2011-ci ildə kolleci bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirib. 2014-cü ildən isə öyrəndiklərini gənc ifaçılarla bölüşür, pedaqoji fəaliyyətlə məşğuldur. İllərlə öyrəndiklərini gənc ifaçılarla bölüşməkdən böyük zövq aldığını söyləyən tanınmış ifaçı deyir ki, tələbələrinə hər şeydən əvvəl əsl vətəndaş kimi formalaşmağı, vətəni və muğamlarımızı sevməyi öyrədir. “Əgər bir ifaçıda vətən təəssübkeşliyi, yurd sevgisi, doğma vətənə ülvi məhəbbət, sənətə sonsuz bağlılıq olmasa onun oxuduğu heç zaman qəlblərə yol tapa bilməz. Ustad muğam ifaçısı Hacıbaba Hüseynovun müəllifi və ifaçısı olduğu qəzəllərdən birində deyildiyi kimi:
Sədayi musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə...”
Ötən müddət ərzində Elgiz Əliyev təkcə doğma Azərbaycanda deyil, yaxın-uzaq məmləkətlərdə də muğamlarımızı yüksək səviyyədə təbliğ edib. Dediyinə gərə, 12 ölkədə milli musiqimizlə çıxış edib, onun sevilməsinə çalışıb: “Bu, mənim üçün şərəfdir. 2017-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində TÜRKSOY-un 25 illiyi ilə bağlı tədbir keçirilirdi. Həmin ərəfədə biz 21 gün ərzində 6 ölkə, 9 şəhərdə çıxış etdik. Final isə Kiprin Girnə şəhərində sözügedən tədbir çərçivəsində oldu. Mərasimində Qran-Pri mükafatına layiq görüldüm”.
Hazırda Beynəlxalq Muğam Mərkəzinin solisti olan E.Əliyevin ötən il solo konserti olub. O qeyd edib ki, onun əsas istəyi milli musiqimizi daha geniş coğrafiyada tanıtmaq, təbliğ etməkdir. O, yenidən solo konsert proqramı ilə çıxış etməyə hazırlaşır və bu istəyini oktyabr ayında reallaşdırmaq istəyir.
“Bu yaxınlarda Türkmənistanda oldum. Heydər Əliyevin 101 illiyinə və Türkmənistan-Azərbaycan qardaşlığına həsr olunmuş möhtəşəm konsert proqramında mən də yer almışdım. Ölkəmizi layiqincə təmsil etdik. Bir çox sənət dostlarım bizimlə idi. Konsertdə vətəndən ayrı, amma vətən eşqi ilə yaşayan həmyerlilərimiz Azərbaycanın əvəzolunmaz musiqisini dinlədikcə kövrəlirdilər. Dünyanın hər yerində milli musiqimizi tanıtmaq mənim üçün möhtəşəm hissdir”, - deyə o qeyd edir.
Söhbət əsnasında xanəndə onu da diqqətə çatdırdı ki, bu gün milli irsimiz, muğamımız intibah dövrünü yaşayır. Dövlət tərəfindən Azərbaycanın istedadlarına, həmçinin gənc xanəndələrə böyük diqqət və qayğı göstərilir. Beynəlxalq Muğam Mərkəzi də gənclərə hər zaman dəstək olur. 2019-cu ildə “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində keçirilən konsertdə çıxış edən Elgiz Əliyev deyib ki, bu layihə çərçivəsində il ərzində ölkənin bir çox yerlərində geniş konsert proqramı ilə çıxış edib.
Onunla söhbət edərkən bir daha əmin olduq ki, xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir.