Xalq artisti Oqtay Kazıminin vəfatından 14 il ötür Mədəniyyət

Xalq artisti Oqtay Kazıminin vəfatından 14 il ötür

Bu gün görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin anım günüdür.

AZƏRTAC xəbər verir ki, bəstəkarın vəfatından 14 il ötür.

1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olan Oqtay Kazımi 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsili almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. O, 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında özünü sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, piano və orkestr üçün poema-konsertin, xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyası”nın, təntənəli uvertüranın, xor və simfonik orkestr üçün “Trilogiya”, eyni zamanda, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.

Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları”, “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında xüsusi yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 1960-1970-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.

O.Kazımi ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. Həmçinin 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.