Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək Mədəniyyət

Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Kültürünü Araştırma İnstitutu və Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, beynəlxalq simpoziumda dahi şair Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, əsərləri, onun Türk mədəniyyətindəki yeri, Türk dili və ədəbiyyatına təsirinə dair akademik səviyyədə məruzələr dinləniləcək, Füzulu yaradıcılığına dair aparılmış tədqiqatlar təqdim olunacaq və müzakirələr aparılacaq. Beynəlxalq simpoziumda Azərbaycan və Türkiyədən Füzulişünas alimlər, tədqiqatçılar, universitet müəllim və tələbələri iştirak edəcəklər.

Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim ediləcək. Azərbaycanlı müğənni, Beynəlxalq Muğam Mərkəzinin solisti, IV “Muğam” müsabiqəsinin qalibi Almaxanım Əhmədli Füzuliyə həsr olunmuş musiqi nümunələrini və “TRT Türkü” radio kanalının “Azerbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin əsərlərindən şeirlər ifa edəcəklər.