Akademik Musiqili Teatrda “Killerdən teleqram”ın premyerası olacaq Mədəniyyət

Akademik Musiqili Teatrda “Killerdən teleqram”ın premyerası olacaq

Oktyabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında “Killerdən teleqram” monotamaşasının premyerası olacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru Zaur Əliyev olan tamaşada Killer-Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırır.

Səhnə əsərinin quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

Tamaşada uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik illərində də bir çox mənəvi-psixoloji zərbələr alan insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir.

Premyera üçün biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Iticket. az” saytından əldə etmək olar.