Professor Aida İmanquliyevanın yubileyi ilə əlaqədar materiallar təqdim olunub Mədəniyyət

Professor Aida İmanquliyevanın yubileyi ilə əlaqədar materiallar təqdim olunub

Bu gün Azərbaycanın tarixində ilk ərəbşünas qadın, bütün həyatını Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək şərəfli ömür yaşamış, elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə böyük nüfuz qazanmış alim, istedadlı pedaqoq, xeyirxah, humanist, incə qəlbə malik şəxsiyyət Aida İmanquliyevanın 85 illik yubileyidir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası professor Aida İmanquliyevanın mənalı həyat yoluna dair virtual kitab sərgisini və yenilənmiş elektron məlumat bazasını geniş istifadəçi auditoriyasına təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada Aida xanımın həyatının və elmi fəaliyyətinin əsas məqamları, müəllifi olduğu və onun haqqında qələmə alınan əsərlər, tərcümələr, dövri mətbuat nümunələri təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Vasif Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında söylədikləri dəyərli fikirlər, xatirələr, professorun seçilmiş fikirləri də yer alır. Məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Redaktoru və tərtibçisi olduğu kitablar” bölmələri də mövcuddur.

Bundan əlavə, Aida İmanquliyeva haqqında çoxlu sayda dəyərli məlumat, kitab və dövri mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisi hazırlanıb. Virtual sərgidə ərəb dünyası və ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi və multikulturalizm mövzusunda qələmə alınmış “Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması – Aida İmanquliyeva”, “Qələmlər birliyi və Mixail Nüaymə”, “Ərəb filologiyası məsələləri”, "Dünya deyilən sənmişsən", "Cübran Xəlil Cübran", "Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri", "Şərq-Qərb-ortaq mənəvi dəyərlər" kimi kitabların biblioqrafik təsviri nümayiş olunur.