İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub Mədəniyyət

İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub

Türkiyənin İzmir şəhərində keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri davam edir. Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən günlər çərçivəsində Ege Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində milli geyimlərimizin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin şəxsi kolleksiyasından seçilən ənənəvi tarixi Azərbaycan geyimləri Qarabağ şikəstəsinin sədaları altında universitetin ədəbiyyat fakültəsinin tələbələri tərəfindən təqdim edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Könül Vəlibəyli milli geyimlərimiz haqqında məlumat verib.

O, milli geyimlərimizin uzun tarixi inkişaf mərhələsi keçdiyini, ölkəmizin hər bölgəsinin özünəməxsus geyim mədəniyyətinin olduğunu bildirib.

Könül Vəlibəyli bu cür sərgilərin milli geyimlərimizin dünyaya tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayaraq deyib: “Azərbaycan geyim mədəniyyəti təkcə keçmişimizin yadigarı deyil, həm də müasir dövrün modasında öz əksini tapacaq bir irsdir. Bu kimi sərgilər milli kimliyimizi və mədəniyyətimizi yaşatmaq, eləcə də dünyaya tanıtmaq baxımından gözəl yoldur”.

Sərgidən sonra səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblının təqdimatında “Sarı gəlin” və “Naz eləmə” milli rəqslərimiznümayiş etdirilib.