Aşqabadda TÜRKSOY-un mədəniyyət tədbirləri keçirilib Mədəniyyət

Aşqabadda TÜRKSOY-un mədəniyyət tədbirləri keçirilib

Türkmənistan paytaxtında TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı çərçivəsində təşkilata üzv ölkələrin rəssamlarının əsərlərinin nümayiş etdirildiyi biennale olub.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, sərgidə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan rəssamlarının Türk dünyasının tarixini, adət-ənənələrini və qədim abidələrini əks etdirən tablolar nümayiş etdirilib. Ziyarətçilər üç gün ərzində türk ölkələrindən olan 21 rəssamın əsərləri ilə tanış olub, həmçinin fırça ustaları sərgi məkanında rəsmlər çəkiblər.

Aşqabadda türk dövlətləri teatr kollektivlərinin iştirakı ilə başa çatan TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı da əlamətdar hadisə olub. Bundan başqa, Türkmənistan paytaxtında keçirilən TÜRKSOY Yazıçılar Birliyinin toplantısında Türk dünyasının yazıçı və şairləri arasında əlaqələrin möhkəmləndirilməsi, habelə klassiklərin və müasir ədəbiyyat nümunələrinin çap olunması, görkəmli ədiblərin yubileylərinin keçirilməsi məsələləri müzakirə edilib.

Toplantında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Türk dünyasının ədəbi irsinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb. O deyib: “Türk dünyasının ədəbiyyatı bizim ortaq tariximizin güzgüsü olmaqla yanaşı, həm də gələcəyimizin aynasıdır. Biz ədəbi irsimizin təbliğini müasir dünyanın tələblərinə uyğun şəkildə davam etdirməliyik”.