Bakıda “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılacaq Mədəniyyət

Bakıda “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılacaq

Oktyabrın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Türkiyənin İnsan və Mədəniyyət Hərəkatı Sənət Birliyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycandakı səfirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi və Bakı Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq.

Bu önəmli tədbirdə Türk dünyasının tarixi və mədəni zənginliyini, mədəniyyətlərarası bağları və müştərək mirası özündə birləşdirən sənət nümunələri sərgilənəcək. Ekspozisiyada İpək yolu istiqamətini əhatə edən 41 sənətkarın xəttatlıq, təzhib, miniatür, ebru, qələm işi (qrafik xətt), ağacoyma, sədəf düzmə, keramika, zinət əşyaları və digər əsərləri nümayiş olunacaq.

Oktyabrın 26-dək davam edəcək sərgi çərçivəsində panel müzakirələr də aparılacaq.