Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib Mədəniyyət

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

Bakıda keçirilən 19-cu Beynəlxalq Caz Festivalı çərçivəsində “Jolly Joker” məkanında Azərbaycan cazının mahir ustası Rain Sultanovun “Syndicate” layihəsi ilə çıxışı olub. Burada xarici cazmenlər Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşüblər.

AZƏRTAC xəbər verir ki, layihədə məşhur müasir ifaçılar - trubaçı Karlos Sarduy (Kuba), bas gitara ifaçısı Linli Mart (Fransa), zərb alətləri ifaçısı Con Şmidt (Fransa) və azərbaycanlı caz pianoçularının yüksələn ulduzları Cavanşir Abdullalı və Nicat Quliyev iştirak ediblər.

Rain Sultanov yüksəksəviyyəli ifa nümayiş etdirib. Konsertin sonunda onun davamını gözləyən tamaşaçılar yerlərini tərk etməyib, yeni musiqi nömrələri dinləmək istəyiblər. Caz axşamı cem-sessiya ilə davam edib.

Rain Sultanov Azərbaycanın görkəmli caz ifaçısı, Azərbaycan cazının tarixindən bəhs edən iki kitabın müəllifi, Bakı Caz Festivalının təsisçisi və bədii rəhbəridir. O, “Qaya” orkestrində Rəşid Behbudov kimi görkəmli şəxsiyyətlə birlikdə işləyib, demək olar ki, Avropa, Asiya və Amerikanın bütün ölkələrində qastrol səfərlərində olub. Rain Sultanov bir sıra CD-lər və dörd vinil albom buraxan alman “Ozalla Music” leyblinin musiqiçisidir.

Xatırladaq ki, oktyabrın 17-dən 27-dək paytaxtda 19-cu Bakı Caz Festivalı keçirilir. On bir ölkədən olan ifaçılar şəhərin müxtəlif məkanlarında çıxış edirlər. Festival çərçivəsində sərgilər, kitab təqdimatı və dünya caz ulduzları ilə görüşlər də nəzərdə tutulub.