Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən Azərbaycan dilində çap olunub Mədəniyyət

Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən Azərbaycan dilində çap olunub

Görkəmli Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı bu günlərdə yenidən Azərbaycan dilində çap olunub. İlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim edilən romanın yenidən çap olunması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dilinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlı İmperiyasının son dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpinar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdə dünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.

Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılıb, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılıb.

Qeyd edək ki, 1987-ci ildə Türkiyədə “Dəyirman” romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi üzrə rejissor Atıf Yılmaz tərəfindən eyniadlı bədii film çəkilib.