Milli Azərbaycan Tarixi Muzeyində XI-XIII əsrlərə aid hərb tarixi mövzularına həsr olunmuş kitabın təqdimatı keçiriləcək Mədəniyyət

Milli Azərbaycan Tarixi Muzeyində XI-XIII əsrlərə aid hərb tarixi mövzularına həsr olunmuş kitabın təqdimatı keçiriləcək

Milli Azərbaycan Tarixi Muzeyində XI-XIII əsrlərə aid hərb tarixi mövzularına həsr olunmuş kitabın təqdimatı keçiriləcək

AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Milli Azərbaycan Tarixi Muzeyində Yusif Ağayevin “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI-XIII əsrlərin hərb sənəti” adlı kitabının təqdimatı olacaq.

Bu nəşr Azərbaycan tarixi üçün əhəmiyyətli və az tədqiq olunmuş hərbi məsələləri işıqlandırır. Bu mövzular geniş ictimaiyyətə ilk dəfə təqdim ediləcək.

Qeyd edək ki, Yusif Ağayev Azərbaycanın orta əsrlərə aid hərb tarixi sahəsində bir çox kitab və elmi məqalələri ilə tanınır. O, yeni əsərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur poemaları hərb tarixinin araşdırmaları kontekstində mənbə kimi istifadə edilib.

Müəllifin fikrincə, şairin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və xüsusilə “İsgəndərnamə” əsərləri təkcə orta əsr Azərbaycanının deyil, həm də müsəlman Şərqinin və Türk dünyasının hərb sənətinin naməlum və ya az tanınan aspektlərini öyrənmək baxımından əvəzsiz mənbədir.

Yusif Ağayevin gəldiyi nəticəyə görə, Nizami Gəncəvinin əsərləri sadəcə yüksək bədii-ədəbi əsərlər deyil, həm də o dövrün hərb sənətini hərtərəfli tədqiq etməyə imkan verən zəngin tarixi məxəzdir. Müəllif vurğulayır ki, Nizami Gəncəvinin hərb sənətini dəqiqliklə təsvir etməsi onun mövzulara realist yanaşması ilə bağlıdır.

Kitaba əlavə edilən illüstrasiyalar da bu məqamları daha da aydın görməyə imkan yaradır.