Gənclər Kitabxanası Füzuli, Zəngilan və Qubadlı haqqında silsilə materiallar hazırlayıb Mədəniyyət

Gənclər Kitabxanası Füzuli, Zəngilan və Qubadlı haqqında silsilə materiallar hazırlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü və 25 Oktyabr - Qubadlı Şəhəri Gününə həsr edilən silsilə materiallar – məlumat bülletenləri, biblioqrafik icmallar və internet resursları bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Füzuli, Zəngilan və Qubadlı rayonlarının yaranma tarixi, mədəni abidələri, təbii sərvətləri, bu ərazilər uğrunda gedən döyüşlər haqqında geniş məlumat verilir. “Qələbənin Füzuli müjdəsi”, “Azad edilmiş torpaqlara ilk səfər, Qarabağda ilk “hava qapısı”, “Cənub cəbhəsinin qapısı”nda gedən döyüşlər”, “Qubadlıda quruculuq işləri”, “Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu” başlığı altında bu ərazilərdə aparılan yenidənqurma işləri, şanlı Zəfər tarixinin Azərbaycan xalqına yaşatdığı Qələbə sevincinin qürurverici fotogörüntüləri təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitlərdə “Qarabağ Azərbaycandır”, “Qarabağ bədii düşüncədə”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Vətən simurqları”, “Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı”, “Müharibə və tarixi-mədəniyyət abidələrimiz”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Zəngilan ensiklopediyası”, “Xan çinarlı Zəngilan”, “Füzuli rayonunun memarlıq abidələri”, “Qarabulaqdan Füzuliyədək” kimi 50-dən çox kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Şəhər günləri ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında bu şəhər haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “525-ci qəzet”in xəbər portallarında yerləşdirilən 30-dan çox məqalənin tam mətninə baxmaq imkanına malikdirlər.

Şəhər günləri ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.