Azərbaycan “Tocik Somon” Milli Kino Mükafatının münsiflər heyətində təmsil olunub Mədəniyyət

Azərbaycan “Tocik Somon” Milli Kino Mükafatının münsiflər heyətində təmsil olunub

Tacikistanda keçirilən İkinci “Tocik Somon” Milli Kino Mükafatının münsiflər heyətində ölkəmizi Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu təmsil edib.

ARKA-dan AZƏRTAC-a bildirilib ki, Orxan Fikrətoğlu, həmçinin Mərkəzi Asiya və digər ölkələrin kino mərkəzlərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə Azərbaycan filmlərinin Orta Asiya, Rusiya və Belarusda dublyaj edilərək nümayişi, həmin ölkələrin filmlərinin Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizdə göstərilməsi və Azərbaycan prodüserlərinin bu regionlarda çəkilişlər zamanı vergi və digər güzəştlərdən yararlanması ilə bağlı razılığa gəlinib. Müştərək filmlərin istehsalı üçün ortaq fondun yaradılması və hər ölkənin qanunvericiliyinin bu qərarda əksini tapması təklif edilib.

Yaradılacaq fondun idarəçiliyi direktorlar şurasına həvalə olunacaq və bu şuranın hüquqi statusu Orta Asiya, Rusiya, Belarus və TÜRKSOY ölkələrinin ratifikasiya olunmuş sənədlərində əksini tapacaq. Bununla əlaqədar ortaq kino bazarının və kino mühitinin yaradılması da nəzərdə tutulub.