İstanbul Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri də təqdim olunacaq Mədəniyyət
Noyabrın 2-də İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi açılacaq. Azərbaycan bu il keçiriləcək sərgidə fəxri qonaq qismində iştirak edəcək. Sərgidə 10-dan çox Azərbaycan nəşriyyatı, yazıçılar iştirak edəcək, ölkəmizə dair xüsusi layihələr təqdim olunacaq. Azərbaycan stendində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış nəşrlər də sərgilənəcək.
Türk Mədəniyyəti və İrsi Fondunun sərgidə iştirakı ilə bağlı AZƏRTAC-a müsahibəsində bu qurumun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yaz məlumat verib. O bildirib ki, tədbirdə fond tərəfindən ərsəyə gətirilmiş “Səninləyik Türkiyə” adlı şeir antologiyasının, eləcə də böyük türk mütəfəkkiri Süleyman Çələbinin türkcə və almanca çap olunmuş “Mövlud” kitabının təqdimatı keçiriləcək. “Səninləyik Türkiyə” kitabında Türk dünyasının görkəmli şairlərinin ötən il fevralın 6-da qardaş ölkədə baş vermiş zəlzələ zamanı həlak olanların xatirəsinə ithaf etdikləri poetik əsərlər toplanıb.
“Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın sərgi iştirakçılarına ünvanlandığı məktub oxunacaq. Sərgiyə təqdim olunan nəşrlər və fondun fəaliyyəti haqqında çıxışlar, eləcə də şairlərin fikirlərini bölüşməsi və öz şeirlərini səsləndirmələri nəzərdə tutulub.
Sərginin sonuncu günündə isə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyi və onun Türkiyə türkcəsində nəşr olunan “Mən burdayam, İlahi” kitabının təqdimatı olacaq.
Təqdimatlar, çıxışlar və sərgiləyəcəyimiz əsərlər nəzərə alınaraq fondun bu il İstanbulda keçiriləcək Beynəlxalq Kitab Sərgisində geniş təmsil olunacağını deyə bilərik. Onu da qeyd edim ki, fondun iki qurucu üzv dövləti olaraq Azərbaycanın Türkiyədə keçirilən belə bir tədbirdə fəxri qonaq statusunda təmsil olunması ortaq mədəni və tarixi irsimiz baxımından olduqca mühüm hadisədir”, - deyə Günel Yaz bildirib.
Qeyd edək ki, TÜYAP şirkəti ilə Türkiyə Nəşriyyatçılar İttifaqının əməkdaşlığı çərçivəsində noyabrın 2-dən 4-dək davam edəcək sərgidə Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə görkəmli ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, şair və yazıçılar, eləcə də incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti tərəfindən təmsil olunacaq.