"Avronyus" COP29-la bağlı reportaj hazırladı - Video
5 Noyabr 22:14
Azərbaycanlı xalçaçı alim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva Cənubi Koreyada 2024-cü il üzrə JIAPICH beynəlxalq mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a laureat Röya Tağıyeva özü bildirib.
“Jeonju International Awards for Promoting Intangible Cultural Heritage” (JIAPICH) - qeyri-maddi mədəni irsin qorunub saxlanılması və müdafiəsi, sosial birliyin və milli kimliyin dəstəklənməsi və icmaların gələcək inkişafına kömək üzrə fəaliyyətini qiymətləndirən dünyada yeganə illik beynəlxalq mükafatdır. Bu mükafat 2017-ci ildə özünəməxsus ənənəvi mədəniyyəti ilə tanınan Conju şəhərinin təşəbbüsü ilə təsis edilib.
Mükafatlandırma mərasimindəki çıxışında Çonju şəhərinin meri Beom-Ki Vu qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinə dair bütün təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb, müsbət təcrübələrini dünyaya yaymaq üçün bu yolda onlarla “çiyin-çiyinə gedən”lərə dəstək olmağa hazır olduğunu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xalçaçısı, professor Röya Tağıyeva xalçaçılıq sənətinin qorunub saxlanması və Azərbaycanın gənc nəslinin nümayəndələri arasında onun tanıdılmasına yönəlmiş tədbirlərin keçirilməsinə, dünyada Azərbaycan xalçaçılıq mədəniyyətinin təbliğində mühüm roluna görə JIAPICH mükafatına layiq görülüb. Beom-Ki Vu bildirib ki, Röya Tağıyeva “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədridir, müxtəlif sərgilər təşkil edir və dünyanın qeyri-maddi mədəni irsinin bir parçası olan Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliğinə mühüm töhfə verir.
Beynəlxalq mükafatın münsiflər heyətinin sədri, professor Qilad Zukerman qeyd edib ki, məşhur Roma şairi Horatsinin “Carpe Diem” (Anı yaşa) ifadəsinə bir hərf əlavə edilərsə, bu sözləri “Carpet Diem” (Xalça ilə yaşa) professor Röya Tağıyevanın həyat və yaradıcılığına tamamilə aid etmək olar.
Öz növbəsində, Röya Tağıyeva ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışaraq ilk olaraq müəllimi, dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovun adını çəkib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif illərində muzeyə, Azərbaycan xalçasına, xalçaçılığın inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə Azərbaycan Milli Xalça Muzeyinin yeni binasının, regionlarda xalça fabriklərinin və emalatxanalarının tikintisi həyata keçirilib, kadr hazırlığı genişləndirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə Azərbaycan xalçası Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, dünyanın nüfuzlu sərgi salonlarında Azərbaycan xalçalarının sərgiləri açılıb. Bu gün Azərbaycanda ənənəvi xalçalarla yanaşı, müasir xalça növləri də inkişaf edir, yeni interpretasiya gedir və bu sahədə innovativ ideyalar üçün platformalar yaradılır.
R.Tağıyeva rəhbərlik etdiyi, Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Beynəlxalq Konvensiyanın hökumətlərarası komitəsi tərəfindən akkreditə olunmuş, Azərbaycanın maraqlarını təmsil edən “Azərbaycan xalçaçıları” İctimai Birliyinin fəaliyyətindən ətraflı danışıb. O bildirib ki, assosiasiya maddi və qeyri-maddi mədəni irsin, o cümlədən dekorativ-tətbiqi sənətin müxtəlif növlərinin gənc nəslə çatdırılması üçün xüsusi proqramlar üzərində işləyir.
Sonda Röya Tağıyeva mükafata görə münsiflər heyətinə və təşkilatçılara minnətdarlığını bildirib, bunu Azərbaycanın mədəniyyətinə və qeyri-maddi mədəni irsinə göstərilən diqqət kimi qəbul etdiyini bildirib.