Özbəkistanda Zəfər Günü münasibətilə kitab təqdimatı olub Mədəniyyət

Özbəkistanda Zəfər Günü münasibətilə kitab təqdimatı olub

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahromanlar”) adlı kitabın Daşkənd İqtisadiyyat və Pedaqogika İnstitutunda təqdimatı keçirilib.

Mədəniyyət Mərkəzindən bildirilib ki, Zəfər Günü münasibətilə təşkil olunun tədbirdə ali təhsil ocağının rektoru professor Şakarboy Caniqulov Azərbaycan torpaqlarının 30 ildən çox erməni işğalı altında qaldığını və bu ərazilərdə ermənilər tərəfindən genişmiqyaslı vandalizm hərəkətlərinin həyata keçirildiyini bildirib.

Rektor hələ yüz il bundan əvvəl ermənilər tərəfindən Fərqanədə, Mərgilanda, Kokandda özbək xalqına qarşı daşnakların törətdiyi vəhşiliklərdən, cinayətlərdən söz açıb.

Ş.Caniqulov özbək xalqının otuz il bundan qabaq olduğu kimi indi də Azərbaycan xalqının yanında olduğunu vurğulayaraq bu doğmalığın mayasında qədim tarixi köklərimizin durduğunu qeyd edib.

Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Özbəkistan dövləti və xalqının həmişə Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini xatırladıb. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti, şəhidlərin qanı, canı bahasına, nəhayət ki, torpaqlarımızın 28 ildən sonra düşmən tapdağından azad edildiyini söyləyən N.Əlimirzəyev bununla da bütün şəhidlərimizlə yanaşı, İsgəndər Aznaurovun da qanının yerdə qalmadığını vurğulayıb.

Noyabrın 8-də Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi tarixinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunduğu vurğulayıb. Bu gün işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinin aparıldığını deyən N.Əlimirzəyev bu işlərdə Özbəkistan dövlətinin də rolunun olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən professor Marufcan Yoldaşov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, tarixçi alim dosent Asror Qayumov və hərbçi-polkovnik Noryigit Dusanov gənc nəslin yetişməsində tarixi qəhrəmanlıq mövzularının önəmli yer tutduğunu bildirərək Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun Birinci Qarabağ savaşında göstərmiş olduğu şücaətlərdən bəhs edən kitabın da bu istiqamətdə mühüm mənbə olacağını vurğulayıblar.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində çap edilmiş kitabın müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadədir. Kitabda Özbəkistanda doğulmuş və birinci Qarabağ savaşında şəhid olmuş İskəndər Aznaurovun həyatı və döyüş yolu ilə bağlı silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin xatirələri də yer alır.

Tədbirdə İskəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub.