"Süleymana qalmayan dünya..." Mədəniyyət

"Süleymana qalmayan dünya..."

“Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat.
Biz gəldi-gedərik, sən yaşa dünya!”
Söhbətimə böyük Azərbaycan şairi Səməd Vurğunun sözləri ilə başlamağım əbəs deyil. İstəyirəm bu gün sizə çoxdan, lap çoxdan dünyasını dəyişən soydaşlarımızdan danışım. Bəli, gələn hər gün kimlərinsə doğum günü olduğu kimi, kimlərinsə də ölüm günü olur. Xülasə, müxtəlif illərdə, noyabrın 19-u vəfat edən aydınlarımızı xatırladaraq ruhlarına rəhmət diləməyinizi istəyirəm.
Cabbar bəy Vəlibəyov-Baharlı- Ağdamın Birinci Baharlı kəndindən idi. Qarabağda yeni tipli məktəbin əsasını qoyan pedaqoq kimi tanınıb. 1941-ci ilin noyabrın 19-da dünyasını dəyişib.
Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov 19 noyabr 1971-ci ildə haqqa qovuşub.
Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı Kərim İbadulla oğlu Odər 19 noyabr 1981-ci ildə vəfat edib.
Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi, jurnalist, publisist Qəşəm Novruz oğlu Aslanov 19 noyabr 1984-cü ildə əbədiyyətə qovuşub.
Şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Həmid Məmmədəli oğlu Abbasov- Həmid Abbas 1999-cu il noyabrın 19-da haqqa qovuşub.
Davud Ağa oğlu Axundov-Azərbaycan memarı və tarixçisi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Ağa oğlu Axundov 2003-cü il noyabrın 19-da dünyadan köçüb.
Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri işləyən Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabrın 19-da haqqa qovuşub.
Marnauli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Cavid Nəbi oğlu Xıdırov kimya elmləri doktoru, professor idi. 19 noyabr 2005-ci ildə vəfat edib.
Akademik Ayaz Adil oğlu Əfəndiyev- 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. 2007-ci il noyabrın 19-da əbədiyyətə qovuşub.
Rejissor, bədii rəhbər, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Ağayev 19 noyabr 2011-ci ildə vəfat edib.
Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis Nəcəf Abbas oğlu Nəcəfov 19 noyabr 2013-cü ildə haqqa qovuşub.
Biologiya elmləri doktoru, professor, Azərbaycan SSR-nin Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim Həbibə Süleyman qızı Qasımova 19 noyabr 2014-cü ildə əbədiyyətə qovuşub.
Bəstəkar və dirijor, professor, Azərbaycan Respublikasının Xalq artisti Nəriman Abbasqulu oğlu Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib.
Azərbaycanın tanınmış teatr xadimi, Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini Natiq Gülməmmədov 19 noyabr 2022-ci ildə dünyasını dəyişib.
Bu siyahını uzatmaq da olardı, məncə bu qədər də yetər. Çünki qəmgin notlar üzərində qurduğum bu söhbətimlə çatdırmaq istədiyirəm ki, yaşadığımız fani dünyada gəlin mehriban olaq, bir-birimizi sevməyi bacaraq. Axı kim olsaq da, hansı zirvəyə ucalsaq da, günlərin birində bizi də köhnə ölülərə qatıb oxşayacaqlar. Necə deyərlər, Süleymana qalmayan dünya heç kimə qalmayacaq...
Yeri gəlmişkən
Əfsanəyə görə, həzrət Süleyman çox möhtəşəm peyğəmbər olub. Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu olmayıb, hətta təbiətin, heyvanların dilini də bilib. Vəfatından əvvəl tuncdan uca bir qəsr tikdirən peyğəmbər qəsrin üzərində belə bir yazı həkk etdirir:
- "Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Әgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyəydi. Bu qəsri tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz...”
Günaydın, dostlar!..
Elman Eldaroğlu