Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub Mədəniyyət

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında teatrın bədii rəhbəri, bəstəkar, pianoçu, Xalq artisti Salman Qəmbərovun növbəti musiqi layihəsi təqdim edilib.

Xalq artistinin rəhbəri olduğu “Bakustik” caz qrupunun müşayiəti ilə teatrın solisti İlhamə Qasımovanın ifasında bəstəkar və xalq mahnılarının yeni caz üslubunda işləmələri səsləndirilib.

Konsertdə ifa olunan mahnılar yeni nəfəsdə, yeni improvizələrdə tamaşaçılara böyük musiqi zövqü bəxş edib. Salman Qəmbərovun, qrupun üzvləri Əməkdar artist İsgəndər Ələsgərov, Fuad Cəfər, Tofiq Cabbarov və Firudin Rəhmanovun müşayiət və soloda təqdimatları alqışlarla qarşılanıb.

Layihənin qonağı olan ifaçı Rövşən Qəhrəmanov da Salman Qəmbərovun iki yeni işləməsini ifa edib.

Qeyd edək ki, Salman Qəmbərov öz musiqi layihələrində nəinki müxtəlif səpkili alətləri bir araya gətirir, eləcə də fərqli üslublarda (xanəndə, vokal, estrada) ifa edən müğənnilərlə çalışır. Layihənin premyerası bu ilin aprel ayında İstanbul şəhərində keçirilib.