Kiyevdə beynəlxalq xeyriyyə festivalında Azərbaycan öz stendi ilə təmsil olunub Mədəniyyət

Kiyevdə beynəlxalq xeyriyyə festivalında Azərbaycan öz stendi ilə təmsil olunub

Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının təşkilatçılığı ilə Kiyevdə “Ukrayna üçün ürəkləri birləşdirin!” adlı beynəlxalq xeyriyyə festivalının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq festivalda 30-dan çox ölkə ilə yanaşı, Azərbaycan da stendi ilə təmsil olunub. Ukraynadakı səfirliyimizin dəstəyi ilə Azərbaycanın mədəniyyəti, mətbəxi təbliğ olunub. Kiyev sakinlərinə, qonaqlara, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən paxlava, şəkərbura, şərablar, çaylar paylanılıb. Bundan başqa, Ukraynada yaşayan və yaradıcılığı ilə tanınan soydaşımız, tətbiqi incəsənət ustası Rəna Səfərovanın hazırladığı milli atributlarımız, musiqi alətlərimiz nümayiş etdirilib.

Festival çərçivəsində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə “Kavkaz” rəqs qrupu milli rəqslərimizi, o cümlədən “Sarı gəlin”, “Uzundərə”, “Köçəri”ni ifa edib.

“OUTLOOK” layihəsinin baş direktoru Darya Karyakina AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan stendi onda böyük maraq doğurub. “Azərbaycan stendi ilə tanış oldum. Azərbaycanın müxtəlif növ məhsullarını görmək olduqca xoşdur. Bu gün xeyriyyə festivalında insanlar xarici ölkələrin məhsulları ilə tanış olurlar. Azərbaycan da burada öz milli mədəniyyətini, mətbəxini nümayiş etdirir. Azərbaycanın simvolu olan narın maketinin nümayişi festival iştirakçılarında xoş təssürat yaradır”, - deyə Darya Karyakina əlavə edib.

Kiyev Milli Akademik Operetta Teatrının kommersiya direktoru, Ukraynanın Əməkdar mədəniyyət işçisi Oksana Koqut isə AZƏRTAC-a açıqlamasında iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycanla Ukrayna arasında uzun müddətdir, mədəni əlaqələr inkişaf edir. Azərbaycan Ukraynada keçirilən bir çox festivallarda uğurla təmsil olunur. Çox pozitiv münasibətlərimiz var. Biz Azərbaycanı çox sevirik, sevimli Bakı, Gəncə və Şəki şəhərlərində olmuşam. Çox gözəl mədəni irsə malik şəhərlərdir. Bu gün beynəlxalq festivalda Azərbaycan çox gözəl stendlə təmsil olunur. Sizin çayı, nar şərabınızı çox sevirəm”.