“Təbəssüm üçün musiqi” layihəsi Yeni il ərəfəsində yenidən keçiriləcək Mədəniyyət

“Təbəssüm üçün musiqi” layihəsi Yeni il ərəfəsində yenidən keçiriləcək

2024-cü ilin yayında böyük maraqla qarşılanan “Təbəssüm üçün musiqi” layihəsi bu dəfə Yeni il ərəfəsində Bakı şəhərinin mərkəzində yenidən həyata keçiriləcək.

Bu barədə Xalqcebhesi.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Layihə çərçivəsində dekabrın 25-dən etibarən Yeni il bayramına qədər Bakı şəhərində, əhalinin sıx olduğu məkanlarda uşaq musiqi və incəsənət məktəblərinin istedadlı gəncləri kiçik konsert proqramları ilə çıxış edərək şəhər sakinlərinə və qonaqlara bayram əhval-ruhiyyəsi bəxş edəcəklər. Bu layihə Yeni il bayramının ab-havasını artırmaqla yanaşı, gənc musiqiçilərin bacarıqlarını nümayiş etdirməsi və musiqi mədəniyyətinin genişləndirilməsi məqsədini daşıyır. Hər kəs üçün açıq olan bu tədbirlər həm sakinlərə, həm də şəhərimizin qonaqlarına xoş xatirələr bəxş edəcəyinə inanırıq.

Beləliklə bayram günlərində şəhərin mərkəzi küçə və meydanlarında sizi gözəl ifalar gözləyir!