“Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür Mədəniyyət

“Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür

Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının 2007-ci ildə yenidən nəşr olunmasından 18 il ötür.

AZƏRTAC xəbər verir ki, mətbuat tariximizdə özünəməxsus yeri olan, ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır.

Dövrün çətin, repressiv şərtlərində “Füyuzat” cəmi 32 nömrəsi ilə oxucularının görüşünə gəlib, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti jurnalın çapını dayandırıb.

Mədəni-tarixi irsimizin ayrılmaz parçası olan jurnal 2007-ci ilin yanvarın 7-dən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən bərpa edilib. Tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap edilib.18 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir.

Fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı millətimizin milli dəyərlərinə, irsinə, zəngin mədəniyyətinə, tarixi köklərinə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiqdir. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.

Bu gün “Füyuzat” jurnalı müasir dövrün tələblərini nəzərə almaqla yeniliklərini davam etdirir. Belə ki, jurnalın artıq veb-saytı – “fuyuzat.az” fəaliyyət göstərməklə bərabər, “FUYUZAT tv” internet televiziyası da oxucu və izləyicilərin görüşünə gəlir.

Qeyd edək ki, 2021-ci ilin martından etibarən jurnalın baş redaktoru Mübariz Yunusdur.