Balet işçiləri alternativ hərbi xidmət istəyir, qanunlar isə... - ARAŞDIRMA Mədəniyyət
Sirr deyil ki, daim xüsusi bədən quruluşunu saxlamağa məcbur olan xareoqraflar hərbi xidmət dövründə peşə şərtlərinə əməl edə bilmirlər. Nəticədə hərbi xidməti bitirdikdən sonra yenidən əvvəlki formaya qayıtmaları xeyli zaman alır. Buna görə də zaman-zaman balet işçiləri və rəqqasların alternativ hərbi xidmətdən yararlanmaları kimi təkliflər gündəmə gəlir. Hətta ötən ilin sonlarında Akademik Opera və Balet Teatrında olarkən mədəniyyət naziri Adil Kərimli də balet artistlərinin hərbi xidmətə çağırılması mözvusu barədə fikirlərini bölüşmüşdü.
Sözügedən görüşdən bir müddət sonra mədəniyyət naziri APA-ya açıqlamasında məsələ ilə bağlı fikirlərini daha geniş şəkildə ifadə etdi və bildirdi ki, mədəniyyət sahəsində çalışan bəzi şəxslərin hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır, bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışanlar aiddir: “Təbii ki, burada dünya təcrübəsi nəzərə alınmaqdadır. Çünki elə sahələr var ki, biz gərək sənətçilərimizin cəlb edilməsi və qorunması məsələsini təmin edək. Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir. Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə edilməlidir”.
APA-nın araşdırmasına görə, hərbi xidmət sözügedən istiqamətdə çalışan sənət işçiləri üçün fiziki baxımdan böyük problemlər yaradır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, Əməkdar artist Fərid İbrahimov qeyd edib ki, hərbi xidmət dövründə balet artistləri, rəqqaslar məşq formalarını itirirlər: “Kökünə getsək, balet sənəti çox çətin və fiziki cəhətdən mürəkkəb bir peşədir. Bu sənət, sözün əsl mənasında, böyük qurbanlar tələb edir. Sağlamlıq, pəhriz, fiziki formada qalmaq – bütün bunlar bizi hər gün çərçivədə saxlamağa məcbur edir. Altı yaşından Xoreoqrafiya Məktəbinə qəbul olan hər bir şagirdin, özünü bu sənətə bağlayan balet artistinin, rəqqasın yetişməsinə 12 il ərzində dövlət tərəfindən vəsait ayrılır. Hərbi xidmətdən sonra səhnə formasını qaytarmaq çox çətin olur. Buna görə də əksəriyyət hərbi xidməti bitirdikdən sonra rəqs sənətinə, balet sənətinə qayıtmırlar. Bu səbəbdən balet artisti, rəqqas oğlanların sayı gündən-günə azalır. Onu da qeyd edək ki, balet artistləri, rəqqasların fəaliyyət dövrü qısadır, maksimum 20 il peşə stajına malik olurlar”.
F. İbrahimov problemin çıxış yolları kimi müxtəlif təcrübələrin tətbiqini təklif edib: “MDB ölkələrinin, həmçinin, zamanında Azərbaycanın təcrübəsinə əsaslanaraq, balet artistləri, rəqqaslar hərbi xidmətini hərbi rəqs ansambllarında keçə bilərdilər. Onlar həm də ordumuzun ruh yüksəkliyini qaldırmaq məqsədilə, hərbi hissələrdə tamaşalar, konsertlərin aparıcı simaları olaraq teatr fəaliyyətindən də kənarda qalmırdılar. Əlbəttə ki, Vətənə xidmət hər bir azərbaycanlı oğulun borcudur.
Bu məsələnin həlli yollarından biri də zamanında mövcud olan incəsənət məktəblərində hərbi kafedraların da fəaliyyəti idi. Bunun yenidən bərpası xoreoqrafiya sənəti üçün vacib həll yollarından biri ola bilər. Nəhayət, qardaş Türkiyədə olduğu kimi ödənişli hərbi xidmət yaradılması yolu da həll yollarından biridir. Məsələn, onların işlə təmin olunaraq, hərbi müddət zamanı aldıqları maaşlar Müdafiə Nazirliyi fonduna yatırılmış olsun. Hər bir halda balet artisti, rəqqas hərbi xidmətin əsaslarını mütləq şəkildə bilməlidir. Bununla bağlı, müəyyən zaman çərçivəsində hərbi təlimlər keçməlidirlər”.
Azərbaycan Dövlət Rəqs Ansamblının baletmeysteri, Əməkdar artist Xanlar Bəşirov hərbi xidmət dövründə balet işçiləri və rəqqasların uzun müddət məşq prosesindən kənarda qalmaqları səbəbindən sənətdən uzaqlaşdıqlarını ürək ağrısı ilə qeyd edib: “Biz rəqsin dili ilə milli musiqimizi, geyimlərimizi, adət-ənənələrimizi, folklorumuzu canlı olaraq əks etdiririk. Ona görə də rəqs sənətinə qayğı vacibdir. Bu nöqteyi-nəzərdən demək olar ki, on milyon əhaliyə nisbətdə, ümumi götürsək, 200-250 rəqqas və balet işçisi var. Bu, çox böyük rəqəm deyil. Amma peşəmizin əhəmiyyəti çox böyükdür. Balet işçisi, rəqqas hərbi xidmətə çağırılmamaqla xalqımıza, dövlətimizə daha çox xeyir verə bilər. Xoreoqrafiya Akademiyasının məzunları da hərbi xidmətə yollanırlar. Onları nəinki il yarım, yaxud bir il, heç bir həftə də rəqsdən ayırmaq olmaz. Bizim aramızda belə bir söz var, bir gün məşq etməyəndə formada olmadığını özün hiss edirsən, iki gün məşq etməyəndə isə izləyici bunu hiss edir. Rəqs sənəti həddindən artıq zəhmət tələb edir. Bəziləri hərbi xidmətdən qayıdanda həm çəki, həm də digər fiziki məsələlər baxımından formadan düşürlər və sonra sənəti davam etdirmirlər. Bu da bizim milli rəqs mədəniyyətimizə və baletə zərər gətirir. Arzu edərdim ki, aidiyyəti qurumlar tərəfindən bu məsələ müzakirə olunsun və həll yolları göstərilsin”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə məsələ ilə bağlı komitəyə hansısa təklifin daxil olmadığını bildirib: “Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi bərabərlik hüququ haqqındadır. Bu maddəyə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. İrqindən, etnik kimliyindən, vəzifəsindən, qulluq mövqeyindən və sair asılı olmayaraq, hər kəs birmənalı şəkildə bərabər hüquqa malikdir. Təbii ki, sağlamlıq imkanları məhdud olanlar, eyni zamanda, məhdud imkanlara görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, hər kəs konstitusiya ilə təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Harda işləməsindən asılı olmayaraq, istər mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslər, istərsə də digər sahələrin əməkdaşları eyni qaydada qanunla tənzimlənmiş şəkildə hərbi xidmətə çağırılırlar. Qeyd etmək istərdim ki, Konstitusiyanın 76-cı maddəsində də Vətəni müdafiə hər bir vətəndaşın borcudur, qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Bununla əlaqədar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə hər hansı bir müraciət və qanunda dəyişikliklə bağlı təklif daxil olmayıb. Mədəniyyət naziri Adil Kərimlinin qeyd etdiyi İşçi qrup bunu müraciət şəklində hazırlayıb Milli Məclisə təqdim etsə, məsələyə baxmaq, müvafiq icra strukturları ilə birlikdə hansısa təklifləri hazırlamaq və razılaşdırmaq mümkündür”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə hərbi xidmətlə bağlı qanunlarda xüsusi alternativ istiqamətlərin olmadığını deyib: “Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər alternativ xidmət keçməni əhatə etmir”.