“Tamaşa vətənpərvərlik mövzusundadır” Mədəniyyət

“Tamaşa vətənpərvərlik mövzusundadır”

“Yanvarın 22-də ölkənin əsas teatrlarından biri olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində Sumqayıt Dövlət Dram Teatrının Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesi əsasında hazırladığı eyniadlı tamaşası nümayiş olundu. Bu, Bakı teatrsevərləri ilə növbəti görüşümüz idi. Səhnə əsəri haqqında onu deyə bilərəm ki, tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, müharibə veteranlarına, qazilərimizə, şəhidlərimizin əziz ruhlarına ithaf olunub. Tamaşanın ərsəyə gəlməsində bütövlükdə Sumqayıt Dövlət Dram Teatrı səfərbər oldu”.

Bu sözləri xalqcəbhəsi.az-a “Xeyir xəbər” tamaşasının quruluşçu rejissoru Fuad Cavadzadə deyib.

F.Cavadzadə qeyd edib ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi istiqamətində Sumqayıt Dövlət Dram Teatrında layihə çərçivəsində gerçəkləşdi və ötən mövsüm tamaşa uğurla qarşılandı: “Tamaşamız Bədii Şuranın iclasında qəbul olundu, ötən mövsüm Sumqayıt ictimaiyyəti, teatrsevərləri, şəhid ailələri, müharibə veteranları, qazilərimizə təqdim olundu və Sumqayıt Dövlət Dram Teatrının repertuarına daxil oldu. Bu gün də repertuarda var”.

Rejissor bildirib ki, səhnə əsəri növbəti dəfə Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində dekabrın 3-də Bakı ictimaiyyətinə təqdim olunub: “Bu zaman eyni zamanda, tamaşamız Mədəniyyət kanalı vasitəsilə də canlı yayımlandı. Mən fürsətdən istifadə edib səhnə əsərinin ərsəyə gəlməsində Sumqayıt Dram Teatrı başda olmaqla, teatrın bütün yaradıcı və texniki heyətinə, Mədəniyyət Nazirliyinə, Akademik Milli Dram Teatrının rəhbərliyinə, Mədəniyyət kanalının rəhbərliyinə, həmçinin Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə sizin vasitənizlə dərin təşəkkürü bildirirəm. Bu tamaşa mənim dövlət teatrında ilk işimdir. Tamaşa vətənpərvərlik mövzusundadır. İlk iş olaraq bu mövzuda başlamaq istədim. Davamlı olaraq yeni layihələr üzərində də işləyirik. Hər bir halda bu sənət artıq bizim həyatımız, taleyimizdir və öz taleyimizin cığırı ilə gedirik. Ona görə bir daha dəstək olan, tamaşanı izləyən hər kəsə çox minnətdaram. Həmçinin sizə də ictimailəşdirdiyiniz, yanımızda olduğunuz üçün təşkkür edirəm. İnşallah növbəti işlərimizdə görüşmək ümidi ilə”.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Səhnə əsərinin montaj və qrafik işlərini isə Sahil Nəzərov həyata keçirib.

Röya İsrafilova