Dahi Füzulinin 530 illiyinə həsr olunmuş “Gil” tamaşasının növbəti premyerası olub Mədəniyyət

Dahi Füzulinin 530 illiyinə həsr olunmuş “Gil” tamaşasının növbəti premyerası olub

Yanvarın 26-da Azərbaycan Dövlət Pantomima Teatrında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş Pərviz Seyidlinin pyesi əsasında hazırlanmış “Gil” tamaşasının növbəti premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru baş rolu ifa edən Əməkdar artist Bəhruz Vaqifoğludur. Tamaşanın musiqisini bəstəkar Əflatun Abdullayev, quruluşunu rəssam Xəyyam Səmədov hazırlayıb. Aygün Mahmudovanın yaratdığı geyimlər, Elnur İsmayılovun hazırladığı xoreoqrafik həllər tamaşaya xüsusi ab-hava verib. Xalq artisti Bəxtiyar Xanı-zadənin bədii rəhbərliyi ilə kollektiv özünəməxsus teatr tamaşası yaradıb.

“Gil” pyesi dərin fəlsəfi mövzunu açır: gil kimi ömürboyu özünü formalaşdıran insan amilini gündəmə gətirir. Bu, əbədi məna axtarışı, yanlış inanclar və həqiqi şübhələr arasında mübarizə haqqında hekayədir. Tamaşanın mərkəzi fiquru həyəcan və tufanlarla dolu olan obrazı daxili aləmin simvoluna çevrilən Məhəmməd Füzulidir.

Onu da qeyd etmək lazımdır ki, “Gil” sadəcə teatr tamaşası deyil, insan təbiəti haqqında dərin fəlsəfi düşüncədir.

Tamaşa böyük şair Məhəmməd Füzuliyə ehtiramı ifadə etməklə yanaşı, həm də insan həyatının mənasını qavramaq üçün yeni üfüqlər açan mühüm mədəni hadisəyə çevrilib.

Bəhruz Vaqifoğlu AZƏRTAC-ın müxbirinə müsahibəsində uzunmüddətli araşdırma və axtarışların nəticəsi olan “Gil” tamaşası üzərində iş prosesindən danışıb: “Tamaşa dövlət başçısının Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar Sərəncamı çərçivəsində hazırlanıb. O, dəfələrlə düşünülüb və yenidən hazırlanıb. Bu, ondan irəli gəlir ki, biz Füzuli dünyasının müəyyən daxili obrazını artıq formalaşdırmışdıq. Məqsədim əsl Füzulinin kim olduğunu öyrənməkdir. Əsl insan kimdir? Həqiqi yaradıcı insan kimdir?”

Rejissor, həmçinin Pərviz Seyidli ilə birlikdə gördüyü işlərdən də danışıb: “Aylarla bu mövzunu müzakirə etdik, araşdırdıq və tamaşanın adı da belə yarandı: “Gil”. Bu, öz heykəlini yonmaq, axtarmaq və tapmaqla bağlıdır”, - deyə o izah edib.

B.Vaqifoğlu vurğulayıb: “Simvolizmə xüsusi diqqət yetirildi. Kəndirdən tutmuş daşa, suya, işığa, hətta geyimlərin rənglərinə qədər tamaşanın hər bir detalı müəyyən ideyanı əks etdirir”.

O, təqdimatın qeyri-adi formasından da danışıb: “Bu, Pantomima Teatrının tamaşası olduğundan, burada sözlər hərəkətə çevrilir. Hətta mətn dinamik hərəkətin bir hissəsinə çevrilir. Biz ideyalar və sözləri tezislər əsasında qurduq ki, hər şey quruluş məfkurəsini üzvi şəkildə çatdırsın”, - deyə tamaşanın rejissoru sözlərini yekunlaşdırıb.