“Biz milli mənəvi dəyərlərdən bəhrələnməyi, onları müasir dövrə uyğunlaşdıraraq cəmiyyətə yeni incəsənət nümunələri göstərməyi özümüzə yol seçmişik” Mədəniyyət
Yanvarın 13-19-u tarixlərində Şabran Wellbeing Otelində keçirilən "Art-küy" adlı unikal layihə, Azərbaycan Rəssamlar İttifaqı, Şabran Yaradıcılıq və İstirahət Kompleksinin dəstəyi və Çardaq art-platformasının təqdimatı ilə incəsənətin müxtəlif sahələrini bir araya gətirib. Layihənin nəticəsi olaraq yaradılan əsərlərin yanvarın 26-da Çardaq art-platformasının təqdimatında Azərbaycan Rəssamlar İttifaqında sərgisi keçirilib.
Açılışı keçirilən sərgi və layihə ilə bağlı xalqcəbhəsi.az-a danışan Çardaq art-platformasının qurucusu və rəhbəri rəssam Elşən Karaca, “"Art-küy" layihəsi, musiqi, rəsm və poeziyanın ahəngi ilə sənətsevərlərə fərqli bir baxış bucağı təqdim etməklə yanaşı, sənətçilər üçün də yeni ilham mənbəyi oldu. Layihə incəsənətin insanlara yaxınlaşdırılması və qədim milli mədəniyyətin müasir dövrə uyğun olaraq yenidən canlandırılması yolunda uğurlu bir addımdır” deyə bildirib.
O əlavə edib ki, “Art-küy” layihəsi, rəsm, musiqi və poeziyanın ahəngi ilə sənətsevərlərə fərqli bir baxış bucağı təqdim etməklə yanaşı, sənətçilər üçün də yeni ilham mənbəyi oldu: “Bu layihə incəsənətin insanlara daha da yaxınlaşdırılması və qədim milli mədəniyyətimizin müasir dövrə uyğun olaraq yenidən, yeni interpretasiya ilə canlandırılmasında uğurlu addımdır. Ümumiyyətlə, Çardaq art-platforma təşkil etdiyi tədbirlərin mövzusunda soyköklərdən və milli mənəvi dəyərlərdən bəhrələnməyi və onları müasir dövrə uyğunlaşdıraraq cəmiyyətə yeni incəsənət nümunələri göstərməyi özünə yol seçib. Biz sənətçilər qrup olaraq cəmiyyətdə milli mədəni düşüncənin şaxələnməsində, mədəniyyət sahəsində öz töhfəmizi verməyə çalışırıq”.
E.Karaca qeyd edib ki, artıq bu layihə ilə rəssamlar musiqiçilərlə birlikdə 4-cü folklor üslubda sərgi ilə yanaşı, konsert də təqdim edir: “Keçən ayda da şair Nigar Həsənzadənin yaradıcısı olduğu “Söz” layihəsi ilə əməkdaşlığımız oldu. Leyla Əliyevanın dəstəyi və Nigar Həsənzadənin təşkilatçılığı ilə ”Söz”layihəsi çərçivəsində Atəşgah məbədində yenə maraqlı konsertimiz həyata keçdi. Sənətimizə dəstək verən şəxslərə və qurumlara, xüsusilə Şabran Yaradıcılıq və İstirahət Kompleksi, eləcə də Azərbaycan Rəssamlar İttifaqına təşəkkürümü bildirirəm”.
Bildirək ki, layihədə 10 rəssam - Bəhram Xəlilov, Anar Hüseynzadə, Elşən Karaca, Şəbnəm Karaca, Zümrüd Hüseynzadə, İlqar Tahiri, Təranə Vaqifqızı, Aydın Əsgərov, Qalib Mirzəliyev, Elmar İsmayılzadə və Banu Cabbarlı, iki musiqiçi - bəstəkar və müğənni Anar Bəylər, kamança ifaçısı Ayten Rüstəmli, həmçinin şair və televiziya aparıcısı Nuranə Nur iştirak edib.
Qeyd edək ki, sərgi fevralın 1-dək davam edəcək.
Röya İsrafilova